Avropada ən uğurlu əvəzetmə edən komandaların siyahısı bəlli olub. Sport1.az xəbər verir ki, cədvələ Azərbaycan klubu "Qarabağ" başçılıq edir. Ağdam təmsilçisinin əvəzetmədən meydana çıxan futbolçuları cari mövsüm 17 qola imza atıblar. Bununla Qurban Qurbanovun başçılıq etdiyi kollektiv ehtiyat qüvvəsi 16 dəfə fərqlənən “Srvena Zvezda” (Serbiya) və “Seltik”i (Şotlandiya) geridə qoyub. 4-cü pillədəki “Ayaks” isə Niderland çempionatında 15 dəfə əvəzetmələrinin qoluna sevinib.
“Qarabağ”da sonradan meydana daxil olanlar arasında ən çox qol vuran futbolçu Leandro Andradedir. Onun hesabında 4 qol var. İkinci sıradakı Abdullah Zubir 3 dəfə ikinci hissədə mübarizəyə qoşularaq fərqlənib. Aleksey Kaşuk və Redon Cica hərəyə 2 dəfə Qurban Qurbanovun əvəzləməsini doğruldub.
Digər qollar isə Olavio Juninyo, Musa Qurbanlı, Elvin Cəfərquliyev, Yassin Benzya, Kadi Borqes və Nəriman Axundzadənin hesabındadır.
Sport1.az