Bu gün Azərbaycan Kubokunun final oyunu baş tutacaq. Sport1.az xəbər verir ki, əsas görüşdə "Qarabağ" "Sabah" ilə qarşılaşacaq.
Çempionatın qalibi olmaqla ən böyük qitəmiqyaslı klub yarışına vəsiqəni əldə edən "köhlən atlar" kuboku da qazanacaqları təqdirdə, "qızıl dubl"a imza atacaqlar. Digər tərəfdə isə liqanı 5-ci pillədə tamamlayan "Sabah" avrokuboklara yollanmaq üçün son şansını maksimum dəyərləndirməyə çalışacaq.
Xatırladaq ki, bu komandalar arasında 30-cu qarşılaşma olacaq. Əvvəlki 29 oyundan 27-si çempionata, 2-si isə kuboka təsadüf edir.
Öncəki görüşlərin 16-da Ağdam klubu, 3-də isə qəsəbə təmsilçisi qalib gəlib. 10 matçda isə sülh qeydə alınıb.
Qurban Qurbanovun komandaaı indiyə kimi "bayquşlar"ın qapısına 60 dəfə yol tapıb. Qarşı tərəf isə buraxdığı qollardan cəmi 29-nun əvəzini çıxıb.
"Qarabağ" son 3 oyunda "Sabah"a qalib gələ bilməyib. Hər 3 oyun 1:1 hesablı bərabərliklə nəticələnib.
MURAD ABDULLAZADƏ
Sport1.az