Çempionatın bitməsinə 4 tur qalsa da, "Qarabağ" Misli Premyer Liqasının qalibi oldu.Ağdam təmsilçisi Azərbaycan Kubokunda da finala vəsiqə qazanıb. Lakin bəzi mütəxəssislər, azarkeşlər "köhlən atlar"ın zəiflədiyini düşünür. Buna səbəb "Qarabağ"ın 2024/25 mövsümündə Avropa Liqasının liqa mərhələsində 3 xalla 36-cı olmasıdır. İctimaiyyət Ağdam klubundan daha yaxşı nəticələr gözləyirdi.
Görəsən, Azərbaycanda rahat şəkildə titul qazanan "Qarabağ" avrokuboklarda niyə yaxşı nəticə əldə edə bilmədi? "Köhlən atlar" gələn mövsümün planlarını indidən cızmalıdırlar? Ağdam təmsilçisi heyətində hansı dəyişikləri etməlidir? Suallarımızı agent Tural Əsgərova ünvanladıq. Menecer mövzu ilə bağlı
Sport1.az-a açıqlamasında bunları söylədi:
“Qarabağ”ın yeni mövsümdəki avrokuboklarla bağlı məqsədlərini bilmək lazımdır. Ötən illə müqayisədə daha yaxşı çıxış etməkdirsə, hazırkı heyətlə də bu işin öhdəsindən gələ bilərlər. Yox, hədəf ilk “16-lığ”a, “8-liy”, pley-offa və yarımfinala çıxmaqdırsa, komanda bütün mövqelər üzrə güclənməlidir. Təbii ki, komandanın güclü-zəif tərəfini hamımızdan yaxşı Qurban Qurbanov bilir. Əminəm ki, o, çatışmazlıqlarla bağlı planlar cızır”.
Sport1.az