2024/25 mövsümündə II Liqanın qalibi "Şahdağ Qusar" oldu. Bu nəticə ilə bölgə təmsilçisi I Liqaya yüksəldi.
Klubun peşəkar hazırlığı necə gedir? Komanda ev oyunlarını harada keçirəcək? Şövkət Orduxanov adına Qusar şəhər stadionu nə vaxt hazır olacaq?
Suallarımızı klubun prezidenti Elçin Cananova ünvanladıq. "Şahdağ Qusar"ın rəhbəri mövzu ilə bağlı
Sport1.az-a açıqlamasında bunları söylədi:
"Stadionumuzda təmir işləri hələ də yekunlaşmayıb. Betonlama prosesi tamamlanıb. Bununla yanaşı, ot örtüyü həll olunmayıb və santexnik işləri qalıb. Futbol məkanımızın əvvəlki qazonu təbii idi. Yeni stadionda ot örtüyü süni olacaq. Buna səbəb rayonumuz relyefi və qışın sərt keçməsidir. Çünki sərt hava şəraitində təbii ot örtüyünü qorumaq çətindir. Bu, böyük xərclər tələb edir. Stadionumuzun bu ilin oktyabrına hazır olacağı gözlənilir. Amma bir qədər də uzana bilər. Ən pis halda l Liqanın ikinci dövrəsini doğma məkanımızda keçirəcəyik. Hələlik Şamaxı Olimpiya İdman Kompleksinin stadionunda oynayacağıq".
I Liqada yuxarı yerlər üçün mübarizə aparacağıq. Hələlik bəzi işlərimiz var ki, yekunlaşmayıb. Yəni, sponsorumuz ilə görüşümüz olmayıb. Qarşıdakı günlər onlarla görüşəcəyik. Büdcəmiz billinəndən sonra hədəflərimiz bəlli olacaq. Buna uyğun transferlər edəcəyik. II Liqada mübarizə aparan heyətimizi özəyini qorumaq və əlavə oyunçular cəlb etməyi düşünürük". MİRZƏ S.
Sport1.az