II Liqada mübarizə aparan “Şəmkir”in stadionun ot örtüyünün bərbad vəziyyətdə olması ilə bağlı bölgə təmsilçisi ev oyunlarını başqa meydanda keçirəcəyi gözlənilirdi. Amma çempionatın XIX turunda adı çəkilən komanda doğma divarlar arasında “Qusar”ı qəbul etdi və 2:1 hesabıla qalib gəldi. Bəs növbəti turda kollektiv oyununu hansı məkanda keçirəcək?
Sualımızı "Şəmkir"in baş məşqçisi Vüqar Nadirova ünvanladıq. Çalışdırıcı
Sport1.az-a açıqlamasında bunları söylədi:
“Stadionumuzun qazonu ürəkaçan vəziyyətdə deyil. Ona görə də çempionatın yerdə qalan oyunları da doğma məkanda keçirmək üçün ot örtüyündə əl gəzdirməliydik. İllərdir Şəmkir stadionunun ot örtüyünə qayğı göstərilməyib. Ona görə də “Qusar”la matça qədər qazonu yaxşıca qaşıtdırdıq. Çoxlu sayda zir-zibil çıxdı. Neçə gündür ot örtüyünə gübrə verir və fasiləsiz sulama işləri aparırıq. Bizim üçün doğma meydan amili və azarkeş dəstəyi çox vacibdir. Ona görə də davam etməkdə olan çempionatda ev oyunlarımızı başqa bölgədə, stadionda keçirmək haqqında düşünmürük. Futbol məkanımızda, əsas da qazonumuzda problem var. Nə olursa-olsun son 4 ev oyunumuzu azarkeşlərimiz qarşısında keçirəcəyik. Çempionat bitəndən sonra stadionumuzla bağlı ciddi yenidənqurma işləri aparacağıq”.
Sport1.az