“İmişli” I Liqada qalan ev oyunlarını Şamaxı Olimpiya İdman Kompleksində keçirəcək. Buna səbəb isə İmişli şəhər stadionunun təmirə bağlanmasıdır. Bölgə təmsilçisi niyə ev oyunlarını Şamaxıda keçirmək qərarına gəlib? Başqa seçimlər yox idi? İmişlidəki futbol məkanında hansı yeniliklər olacaq? Stadionda işlər nə zaman yekunlaşacaq? Suallarımızı “İmişli”nin icraçı direktoru Aqşin Mürsəlova ünvanladıq. Klub rəsmisi
Sport1.az-a açıqlamasında bunları söylədi:
“Bizə ən yaxın bölgə buradır. Bundan başqa Şamaxı Olimpiya İdman Kompleksi Peşəkar Futbol Liqasının tələblərinə cavab verdiyindən oranı seçdik. Həm də burada keçirilən oyunlar üst-üstə də düşmür. İmişli stadionuna gəlincə, orada bizimlə yanaşı, II Liqada mübarizə aparan digər təmsilçimiz “Kür-Araz” da ev oyunlarını keçirir. Bu səbəbdən də futbol məkanımızın ot örtüyü hədsiz yüklənməyə məruz qalıb. Hazırda qazonun vəziyyətini təhlil etmək və onun yaxşılaşdırmaq üçün mütəxəssis də dəvət etmişik. AFFA İcraiyyə Komitəsi elitaya yüksələcəyimiz təqdirdə arenamızın Premyer Liqa standartlarına uyğunlaşdırılması üçün bir il vaxt verib. İmkan daxilində bizə verilən müddəti maksimum qısaltmağa çalışırıq. Əlimizdən gələnin hər şeyi edəcəyik ki, qısa zamanda İmişli şəhər stadionunu müasir futbol məkanına çevirək”.
Sport1.az