“Zaqatala” 2024/25 mövsümündə I Liqanı 5-ci pillədə tamamladı.Bölgə təmsilçisi sponsorsuzluqdan əziyyət çəkən komandalardandır.
Görəsən, gələn mövsüm vəziyyət necə olacaq? Bölgə təmsilçisi dayanıqlı maliyyə imkanlarına sahib ola biləcəkmi?
Suallarımızı klubun prezidenti Şaban Şirdanova ünvanladıq. "Zaqatala"nın rəsmisi məsələ ilə bağlı
Sport1.az-a açıqlamasında bunları söylədi:
“Həmişə sponsor axtarışında olmuşuq. Hazırda da bu istiqamətdə işlərimiz davam edir. Zaqatalalı iş adamları ilə danışıqlar aparırıq. Hələlik ortada real nəsə yoxdur. İllərdir az büdcə ilə mübarizə aparsaq da, bu il çox əziyyət çəkdik. İdman prinsiplərinin gözlənilməsi, çempionatın səviyyəsinin yüksəlməsinə təkan verir. Bu mövsüm əvvəlkilərə nisbətən daha gərgin, döyüşkən və maraqlı keçdi. “Qəbələ” nə qədər dominantlıq etsə də, 2-ci və 3-cü yerlərə iddialı komandalar çox idi. Sona bir neçə turlar qalmış bizim də ilk “3-lük”də yer almaq şansımız var idi. Bunu bacara bilmədik. İddialı olmaq böyük pullar tələb edir. Gələn mövsüm üçün sponsor tapmasaq, bunun acısını yaşayacağıq. Təbii ki, AFFA-ın ayırdığı vəsaitlə çempionatda mübarizə aparacağıq. Amma böyük ehtimal I Liqada yerimizi qoruya bilməyəcəyik. Bunu tək özümüz yox, digər sponsoru olmayan komandalar üçün də deyirəm. Artıq sponsorsuz I Liqada çıxış etmək və yerini qorumaq demək olar ki, mümkün deyil. Bariz nümunə kimi “Mingəçevir”i götürək. Onlar mövsümə yaxşı başlamadılar. Komanda autsayderlər sırasında idi. Amma yeni sponsor və baş məşqçinin gəlişi “işıqçılar”da inkişaf göz oxşadı. Onlar çempionatı 4-cü pillədə tamamladılar. Sponsorsuz komandanın I Liqada işi getməyəcək. Arzuladığın nəticələr olmayacaq. Klub rəhbərliyi olaraq komandada Rüstəm Məmmədov baş məşqçi kimi qalmasını istəyirik. Təbii ki, o da razı olsa, gələn mövsümdə “Zaqatala”nın sükanı arxasında Rüstəm müəllim olacaq”.MİRZƏ S.
Sport1.az