Misli Premyer Liqasının 29-cu turunda "Qarabağ" "Zirə"ni minimal hesabla məğlub etdi - 1:0.Ağdam təmsilçisinin yarımmüdafiəçisi Marko Yankoviç
Sport1.az-a açıqlamasında görüşlə bağlı fikirlərini səsləndirdi:
"Yaxşı oyun oldu. Rəqibimiz hazırda turnir cədvəlində 2-ci yerdədir. "Zirə" yanvar ayından bəri heyrətamiz oyunlar keçirir. Görüşün çətin keçəcəyini bilirdik. Nəticə olaraq 3 xalı qazanan tərəf bizik. Bəzi anlarda səhvlərimiz olur. Son dəqiqələrdə penalti epizodu oldu. Amma hər şey yaxşı qutardı. Düşünürəm ki, qələbəyə layiq olan tərəf biz idik". Monteneqrolu 30-cu turda qarşılaşacaqları "Səbail"lə matç və Azərbaycan Kubokunun yarımfinalında görüşəcəkləri "Araz-Naxçıvan"la oyun barədə də danışdı:
"Hər görüş bizim üçün çox vacibdir. Turnir cədvəlində xal fərqinin böyük olması heç nəyi dəyişdirmir. Onu bilirəm ki, "Səbail" ilə oyunda qələbə qazansaq, çempion olacağıq. Kubok matçına gəlincə, geridönüş edəcəyimizə inanıram. İnanmasaydıq, bura qədər gəlməzdik. "Araz-Naxçıvan" mütəşəkkil və bir o qədər aqressiv kollektivdir. Amma bizim üçün əsas final matçı üçün mübarizə aparmaqdır. Bunun üçün əlimizdən gələnin ən yaxşısını edəcəyik".EMİN ZEYNALLI
Sport1.az