Ölkə futbolunda fasilədir.
Çempionatlar keçirilmir. Gələn mövsüm Premyer Liqada 12, I Liqada 10 komanda iştirak edəcək.
II Liqa ilə bağlı isə bilinməzlik davam edir. Ötən mövsüm çempionatda 14 kollektiv çıxış edirdi. İndiki məqamda isə turnirdə iştirak edəcək 12 komandanın adı bəllidir. Pley-off matçında "Lerik"i məğlub edən "Şirvan" Region Liqasından bura yüksələn sonuncu kollektivdir.
II Liqa ilə bağlı
Sport1.az-a maraqlı məlumat daxil olub. AFFA bu çempionatda iştirakçı sayını artırmaq istəmir. Buna səbəb turnirdə çıxış edən komandaların maliyyə durumlarının yaxşı olmamasıdır. Bildiyiniz kimi, burada iştirakçı hər kluba 50 min manat maliyyə ayrılır. Bu məbləğ sponsoru olmayan klublara bəs etmir. Bəzi hallarda komandalar səfər matçlarına getməyə çətinlik çəkirlər.
AFFA yeni mövsümdən bu problemlərin yaşanmasını istəmir. Bu səbəbdən də qarşıdakı "futbol ili"ndə II Liqada 12 komandanın çıxış etməsi qərarı veriləcək. Lakin hər kluba 50 yox, 100 min manat ayrılacaq. Bununla da turnir üçün ayrılan maliyyə 700 mindən 1 milyon 200 min manata qədər artırılacaq.
Federasiya bu qərarla turnirin keyfiyyətini, komandaların davamlılığını daha da artırmaq niyyətindədir.
Sport1.az