Gələn mövsüm Misli Premyer Liqasında 12 komanda çıxış edəcək. Bu da çempionatda iştirak edəcək kollektivlərə dövlət tərəfindən ayrılacaq vəsaitin azalmasına səbəb olacaq. 2025/26-cı "futbol ili"ndə AFFA klublara 2,5 milyon manat ödəyəcək.
Bu dəyişimin çempionatımıza və komandalara təsiri necə olacaq? Sualımızı Ceyhun Sultanova ünvanladıq. Futbol funksioneri məsələ ilə bağlı
Sport1.az-a açıqlamasında bunları söylədi:
“Təbii ki, yardım vəsaitinin miqdarının azaldılması klublara təsirini göstərəcək. Baxın, 3 milyon manatla “Kəpəz” ilə “Şamaxı” güc-bəla ilə mövcudluğunu saxlayırlarsa, büdcənin 500 min manat azaldılması vəziyyətlərini daha da pisləşdirəcək. Bu gün çəkinmədən, səmimi demək lazımdır ki, Premyer Liqada peşəkar komandanı saxlamaq üçün 3 milyon manat çox azdır. 2,5 milyona ən yaxşı halda I Liqada klub saxlamaq olar. Çempionatımızda gələn mövsümdən klubların sayının artacaq. Onlar bu büdcə ilə yaxşı futbolçular transfer edə bilməyəcəklər. Maliyyə vəsaitinin azaldılması ilə keyfiyyət aşağı düşəcək”.
Sport1.az