"Turan Tovuz" klubu 2024-cü ildə mənfəəti 4 dəfədən çox azalıb.Sport1.az xəbər verir ki, bu barədə Tovuz təmsilçisinin yaydığı illik maliyyə hesabatında bildirilir.
Sənəddə bildirilir ki, klubun əməliyyat gəlirləri 6 milyon 145 min 200 manat, əməliyyat xərcləri 6 milyon 104 min manat olub.
Gəlirlər 2023-cü il 31 dekabra nəzərən 957 min 600 manat artıb.
Gəlirlərin 1 milyon 187 min 800 manatı sponsorlardan olub ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 667 min 300 manat azdır.
Əvəzində bilet satışından gəlirlər 9 min 100 manatdan 57 min 500 manata, sair gəlirlər 3 milyon 323 min 500 manatdan 4 milyon 899 min 900 manata yüksəlib.
Əmək haqqı və mükafat xərcləri 2 milyon 783 min 500 manatdan 3 milyon 752 min 200 manata, agentlərə (vasitəçilərə) ödənişlər 113 min manatdan 139 min manata, sair xərclər 2 milyon 37 min 500 manatdan 2 milyon 153 min 700 manata artıb. Əsas vəsaitlər və qeyri-maddi aktivlərin köhnəlməsində isə azalmalar baş verib.
Beləliklə, klubun xərcləri 5 milyon 3 min manatdan 6 milyon 104 min manata yüksəlib.
Sport1.az