Saat 5-ə işləyib. Yata bilmirəm. Özümü məyus hiss edirəm. İslandiya ilə oyunda meydanda olanların yerinə utanıram. Bizim xalqa bu yaraşmır.
İslandiyaya uduzmaq ayıb deyil. Adamlar Avropa Çempionatında tarixi nəticəyə imza atıblar. Amma bu komanda o deyildi. Bir qədər araşdırma aparsaq, görərik ki, İslandiya futbolu tənəzzülə uğrayıb. Nəsil dəyişmə dövrünü yaşayırlar. Yəni, Azərbaycan millisi adı çəkilən kollektivdən 5 qol buraxmamalı idi. Amma oldu!
Günahkar kimdir? Futbolçular? Baş məşqçi? Yox! Tək günahkar AFFA rəhbəri Rövşən Nəcəfdir!
Fernandu Santuşun bu posta təyinatına qərar verən şəxsdir günahkar. Portuqaliyalı ilə uzunmüddətli müqavilə imzalayan kimdir? Santuş Millətlər Liqasında biabırçı nəticə göstərdi. Dinmədi! 10 oyunda 8 məğlubiyyətimiz, 2 heç-heçəmiz var idi. Bar-bar bağırdıq ki, bu məşqçi ilə alınmaz. Qulaq asmadılar. Atdıqları addımları, gördükləri işləri tənqid etdik. Qərəzli adlandırdılar. Hətta səsimizi boğmağa çalışdılar. İndi də "bəhrəsini" görürlər. Ölkə olaraq biabır olduq.
AFFA Azərbaycan adına yaraşayan işlər görmür. Bu qurumun fəaliyyəti fiaskodur. Təkcə Fernandu Santuş istefa verməməlidir. Rövşən Nəcəf AFFA-nın prezidenti olaraq məsuliyyəti öz üzərinə götürmədilər. Ona da AFFA prezidenti olaraq işindəki nöqsanlara görə töhmət verilməlidir...
İLKİN SULTANLI
Sport1.az