"Sabah kimin meydanda olacağına qərar vermişəm".Sport1.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş deyib.
Portuqaliyalı mütəxəssis Haiti ilə yoldaşlıq matçından öncə keçirilən mətbuat konfransında fikirlərini bölüşüb:
"Yaxşı komandaya qarşı oynayacağıq. Rəqibin heyətində güclü futbolçular var. Məşqçilər heyəti ilə birgə onların son beş-altı matçını izləmişik. Komanda olaraq analiz etmişik. Bu günə qədər etdiyimiz məşqlərdə də çıxardığımız nəticələr üzərində işləməyə çalışmışıq. Sabah çox maraqlı oyun olacaq. Elə bir heyətdir ki, hücum futboluna üstünlük verirlər. Görünən odur ki, əsasən iki hücumçü ilə oynayırlar, hər ikisi çox hərəkətlidir. Haiti top itkisindən sonra toparlanıb, yenidən hücum etməyə çalışan bir yığmadır. Məşqlərimiz yüksək səviyyədə keçib. Haiti millisinə qalib gəlmək istəyirik. Düzdür, bu görüş bizə xal qazandırmayacaq. Ancaq yığma olaraq uduzmaq istəmirik".Qeyd edək ki, Azərbaycan millisi martın 22-də Haiti, 25-də isə Belarusla yoldaşlıq oyunları keçirəcək.
Sport1.az