Klubların yerli məşqçilərə güvənməsinin hər zaman tərəfdarı olmuşam.
Amma azərbaycanlı mütəxəssislər işə başlayırlar, bir müddət nəsə etmək istəyirlər, alınmır. Sonra bəhanələr havada uçuşur.
Bu mövsüm bu yöndə 2 məşqçi daha çox özünü göstərdi: Samir Abasov və Vaqif Cavadov.
Başlayaq "Neftçi"nin baş məşqçisindən. Abasov gördü ki, işlər getmir, komanda nəticə qazana bilmir. Əvvəlcə kollektivdəki psixoloji durumdan danışdı, sonra fərdi problemləri qabartdı. Bir ara Ağadadaş Salyanskini yıxdı-sürüdü. Ən sonda da dedi ki, bu komanda mənim deyil. Samir Abasov özünü təsdiqləmiş, ölkə çempionu olmuş məçqçidir. Belə bəhanələr ona yaraşmır. 9-cu turda komandanı götürən məşqçi necə olur ki, kollektivi özününküləşdirə bilmir? Hələ Elvin Camalov, Ryonosuke Ohori, Aleks Fernandes və Bassala Sambu kimi 4 oyunçunun transferini demirəm. 2019-cu ildə özünün olmayan komandanı mövsümün ortasında götürərək çempion edən siz deyildiniz, cənab Abasov?
"Neftçi" ilə bağlı çox söz demək olar. Samir Abasov gələndə komandanın liderlə 19 xal fərqi var idi. İndi isə bu göstərici 43-dür. Vəziyyət düzəlmək yerinə, daha da pisləşib. 27 tura bu fərqi azaltmaq, ən yaxşı halda çempionat yolu ilə avrokuboklara getmək olardı. Məsələn, 2-ci dövrənin tamamında "Zirə" "Araz-Naxçıvan"dan 11 xal geridə idi. "Qartallar" bu fərqi aradan qaldırmağı bacardı. İndi isə 15 xal irəlidədir. Yəni istək olanda hər şey mümkündür. Bəli, bu komanda sizin deyil. Amma özünüzküləşdirmək mümkün idi. Rza Cəfərov, Emin Mahmudov, Filip Ozobiç kimi oyunçuları bütün məşqçilər istəyər. 4 futbolçu da siz gətirmisiniz. Əvəzedicilərdən də bir neçəsini heyətə qatmaq olardı. Siz belə riskə getmədiniz. İndi deyirsiniz ki, bu komanda mənim deyil?
Samir Abasovdan kifayət qədər danışdıq. Keçək Vaqif Cavadova. Dünən "Kəpəz"lə oyundan sonra o qədər bəhanələr gətirdi ki...
Əvvəlcə hakimlikdən şikayət etdi. Amma penalti qərarı doğru idi. O başqa məsələ ki, "Neftçi" ilə matçda eyni epizodda onun haqqına girilmişdi. Daha sonra suallardan birində futbolçuları, növbətində isə rəhbərliyi günahlandırdı. Hamı səhv oldu, Vaqif Cavadovdan başqa.
Mütəxəssis işə başladığı ilk oyundan bəri bütün açıqlamalarında deyirdi ki, hansı komandanı götürdüyümü bilirəm, yaxşı kollektiv var. Yaxşı oyunçulardı, bu futbolçularla uğurlu nəticələr əldə edəcəyimə inanıram. Sadəcə, fiziki cəhətdən müəyyən axsamalar var ki, onu da yoluna qoyacağıq. Bəs, necə oldu ki, 27 oyundan sonra bu komanda Vaqifin olmadı?
Azər Bağırov "Kəpəz"ə təyin olunanda gəncəlilərin hesabında 0 xal var idi. Bu komandanın stadionu yoxdur, sponsoru yox idi, yerli futbolçuları çempionatın ən zəifidir, amma, Premyer Liqada qala bilir? Demək ki, məşqçi işi var. Azər Bağırov heç vaxt oyunçularını media önündə pisləmədi. Bütün problemlərdə səhvi özündə axtardı. Vaqif Cavadov isə əksini etdi. Bu səbəbdən də işsiz qaldı. Yəqin ki, "Sumqayıt" təcrübəsi Cavadova dərs olar. PRO kateqoriyamız olmasa da, komandada işlərin qaydasında getmədiyini, normal hücumların qurulmadığını, kollektivin uzun müddət qol vura bilməməsini biz də görürdük, deyirdik.
Samir Abasov və Vaqif Cavadov istedadlı insanlar ola bilərlər. Hər ikisinin düşüncəsinə, zəhmətinə hörmətimiz var. Amma "komanda mənim deyil" bəhanəsini gətirmək onlara yaraşmır.
Uzun sözün qısası, Vaqif Cavadov üçün qatar getdi. Tanrı Samir Abasova kömək olsun!
İLKİN SULTANLI
Sport1.az