Çempionlar Liqası / Manşet
13:16
5.08.2025
104
Bu gün “Qarabağ” Çempionlar Liqasının III təsnifat mərhələsində “Şkendiya”yla oyuna çıxacaq.
Şimali Makedoniya təmsilçisi bundan öncəki raundda güclü FKSB-nı üstələyərək “süvarilər”ə rəqib oldu.
Balkan klubu ağdamlılara da başağrısı olacaq? "Şkendiya" təcrübəli "Qarabağ"ı üstələyə bilər?
Suallarımızı Paşa Əliyevə ünvanladıq. Mütəxəssis mövzu ilə bağlı Sport1.az-a açıqlamasında bunları söylədi:
“Şelburn” ilə matçlarda “Qarabağ” mərhələ keçsə də, parlaq, dominant oyun sərgiləmədi. Ümumiyyətlə, təmsilçimizdə yazılmayan bir qayda var, güclü rəqiblərlə oyunda əla çıxış edir. “Qarabağ” zəif komandalarla görüşdə yaxşı təsir bağışlamır. Buna rəğmən, “süvarilər”ə və Qurban Qurbanova inamımız böyükdür. Əminəm ki, həm irlandlarla oyundakı boşluqlar, həm də “Şkendiya”ın güclü-zəif tərəfləri dərindən təhlil olunub. Şimali makedoniyalılarla qarşılaşmada daha soyuqqanlı, kreativ və bol qollu matç izləyəcəyimizə inanıram. Ağdamlılar bu görüşdə və cavab matçında da qələbə qazanaraq pley-offa çıxacaqlar”.
MİRZƏ S.
Sport1.az