Çempionlar Liqası / Manşet
11:08
5.08.2025
98
Bu gün “Qarabağ” Çempionlar Liqasının III təsnifat mərhələsində “Şkendiya”yla oyuna çıxacaq. Şimali Makedoniya təmsilçisi bundan öncəki raundda güclü FKSB-nı üstələyərək “süvarilər”ə rəqib oldu.
Balkan klubu ağdamlılara da başağrısı olacaq? "Şkendiya" təcrübəli "Qarabağ"ı üstələyə bilər?
Suallarımızı Aslan Kərimova ünvanladıq. Mütəxəssis mövzu ilə bağlı
Sport1.az-a açıqlamasında bunları söylədi:
“FKSB – “Şkendiya” oyununa diqqətlə izləməmişdim. Səmimi demək lazımdır ki, Rumuniya təmsilçisi hər iki görüşdə daha yaxşı təsir bağışlamışdı. Cavab matçında onlar makedoniyalıları qapıları ağzına sıxışdırmışdılar. Hücum planında FKSB rəqibini aşkarca üstələyirdi. Sadəcə son nöqtəni qoya bilmədilər. Bəxt də rumınların tərəfində olmadı. “Şkendiya” isə cəmi 2 əks hücumda effektli olmağı bacardı. Rumuniya təmsilçisi fərqli oyun üslubuna sahib olsa da, aşağı-yuxarı “Qarabağ”la eyni səviyyəli komandadır. Adı çəkilən klub “süvarilər”lə Avropa Liqasında rəqib olmuş, komadamızdan daha çox xal toplamağı bacarmışdı. “Şkendiya” ağdamlılardan güclü klub deyil. Buna rəğmən, onlar sübut etdilər ki, istənilən boşluqdan maksimum istifadə edərək zəfər qazana bilirlər. Odur ki, “köhlən atlar” “Şkendiya” ilə hər iki qarşıdurmada boşluqlar verməməlidir. Əks halda, bunun cəzasını çəkəcək. Şimali Makedoniya təmsilçisiylə matç daha çox Azərbaycan çempionatını xatırladacaq. Belə ki, rəqib “2-ci nömrə” ilə oynayacaq və daha çox əks hücum ilə standart vəziyyətlərdən yararlanmağa çalışacaq. “Qarabağ”ın ÇL-də keçirdiyi iki görüş, komandanın çatışmazlıq, boşluqlarını əyani göstərə bilmədi. Bunun da səbəbi “Şelburn”un elə də güclü rəqib olmaması idi. Düzdür, İrlanidiyadakı ilk dueldə meydan sahibləri pressinq tətbiq edərkən təmsilçimizdə Bikalyo bir qədər effektsiz oynayır, topu gecikdirir və ya tələsirdi. Bu da 90 dəqiqə ərzində 1-2 dəfə oldu. Amma ağdamlılar böyük ölçüdə boşluqlar vermədi. Qurban Qurbanovun komandasında hücum planındakı gedişatlarda bir qədər monotonluq və yeni transferlərin də hələ tam uyğunlaşmadığı görsəndi. “Qarabağ”ın daha böyük nöqsanları güclü rəqiblərlə matçlarda görsənəcək. “Şkendiya” ilə oyunda “köhlən atlılar"ın ciddi problemlərinə şahidlik etməyəcəyik. Təmsilçimizin hər iki dueldə uğur qazanaraq növbəti mərhələyə keçəcəyinə inanıram”. MİRZƏ S.
Sport1.az