Ötən həftə klublarımız Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunlarını keçirdilər.“Zirə” avrokuboklarda mübarizəni dayandırsa da, “Sabah” ilə “Araz-Naxçıvan” yoluna davam edirlər.
Hər üç komandamızın çıxışı ilə bağlı fikirlərini öyrənmək üçün Aftandil Hacıyevə müraciət etdik. Mütəxəssis mövzu ilə bağlı
Sport1.az-a açıqlamasında bunları söylədi:
“Oyun planında hər 3 klubumuzun yaxşı mübarizə apardığını düşünürəm. “Zirə”nin bəxti hələ püşkatmada gətirməmişdi. Ən çətin rəqib qəsəbə təmsilçisinin qarşısına çıxmışdı. “Qartallar”ın digər bəxtsizliyi heyətlərində itkilərin və gedənlərin olması idi. Komandada hücumçular və qol vuran oyunçular sıradan çıxmışdılar. Salifu Sumanın gedişi də “Zirə” üçün böyük itkidir. Xülasə, Premyer Liqamızda effektli hücum xəttinə malik “qartallar” Konfrans Liqasında itkilərə məruz qalmışdı. Buna rəğmən, Rəşad Sadıqovun komandası ağıllı və əzmkar mübarizə apardılar. Baş məşqçi düzgün taktiki gedişlər etməyə çalışdı. Səmimi etiraf edək ki, həm “Hayduk”un heyətində səviyyəli futbolçuların olması, həm də qırmızı vərəqə təmsilçimizin üçün ciddi problemlər yaratdı. Amma hər iki qarşıdurmaya baxsaq, “Zirə” qorxaq futbol sərgiləmədi, 10 nəfərlə qalan komandanın oyunu əlavə vaxta daşıması da hünərdi. Təbii ki, könül istərdi ki, heç olmasa penaltilər seriyasına qədər intriqa qorunsun, amma bu, mümkün olmadı. İstənilən halda, Rəşad Sadıqov və komandası futbolsevərlərimizə əzmkar, döyüşkən futbol bəxş etdilər. “Zirə” şərəfli mübarizə apardı.
“Araz-Naxçıvan”a gəlincə, onlar avrokuboklarda debüt etmələrinə rəğmən çox əla performans sərgilədilər. Yunanıstan klubları evdə çox aqressiv və güclü təsir bağışlayırlar. Hətta ən güclü komandalar belə Yunanıstan səfərində asan uğur qazana bilmir. Amma Elmar Baxşıyevin komandası debütündə bu ölkədə uğurlu tarix yaza bildi.
“Sabah” Avropa Liqasında mərhələ adlaya bilməsə də, oyun planında rəqibindən geri qalmadı, xüsusən də Sloveniya səfərində. Masazırlıların artıq avrokubok təcrübəsi var. Həm heyətindəki futbolçuların ustalığına, həm də təcrübəsinə əsasən “Petrokub”un sürpriz etməsinə imkan verməyərək hər iki matçda maksimum nəticə əldə etdi. Düşünürəm ki, “bayquşlar” əzmkarlıq sərgiləsələr, “Levski” səddini də keçə bilərlər. “Zirə”yə çempionatda, digər iki klubumuza isə avrokubok qarşılaşmalarında uğurlar arzu edirəm”. MİRZƏ S.
Sport1.az