Misli Premyer Liqasının IV turunda “Kəpəz” “Araz Naxçıvan”ı qəbul edəcək.
Ötən mövsüm uğurlu çıxışı ilə Konfrans Liqasına vəsiqə qazanan naxçıvanlılar cari “futbol ili”ndə də eyni uğuru təkrarlamaq niyyətindədirlər. Qəbələ şəhər stadionunda baş tutacaq qarşılaşma Gəncə təmsilçisinin baş məşqçisi üçün ölüm-qalım məsələsidir. İlk 3 oyunda qələbə üzünə həsrət qalan “Kəpəz”in bu dueldə də uğursuz nəticə əldə edəcəyi təqdirdə, Adil Şükürovla yollarını ayıracağı gözlənilir.
“Araz-Naxçıvam” isə mövsümə 2 qələbə və 1 heç-heçə ilə başlayaraq turnir cədvəlinin 3-cü sırasında yer alır.
Bu turdan sonra çempionatın şəriksiz lideri müəyyənləşə bilər. Belə ki, “Zirə”, “Sumqayıt”la eyni xalları bölüşərək turnir cədvəlinin üçüncü sırasında yer alan naxçıvanlılar “Kəpəz”lə oyundan sonra liderliyi ələ ala bilər.
Bu komandalar indiyə kimi 12 dəfə qarşılaşıblar. Görüşlərin 6-da Gəncə, 4-də Naxçıvan təmsilçisi qələbə qazanıb. 2 matçda qalib müəyyənləşməyib. Topların nisbətində gəncəlilər öndədirlər – 20:11
Misli Premyer Liqası, I dövrə, 4-cü tur
“Kəpəz” – “Araz Naxçıvan”
Baş hakim: Rauf Cabarov
Hakimlər: Zöhrab Abbasov, Şirmamed Mamedov, İslam Məmmədov
VAR hakimi: Əliyar Ağayev
VAR hakiminin köməkçisi: Zeynal Zeynalov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Qəbələ şəhər stadionu. Saat 17:45.
MİKAYIL HACIYEV
Sport1.az