Misli Premyer Liqasında II turun oyunları davam edir.
Bu gün "Qarabağ" "Azərsun Arena"da "Sumqayıt"ı qəbul edəcək. Cütün favoriti meydan sahibləridir. Çempionlar Liqasında inamlı qələbələr qazanaraq liqa mərhələsinin bir addımlığında olan "köhlən atlar" bu mövsümdə Premyer Liqada çempionluğa ən real namizəddir. "Sumqayıt" isə son oyunda "Kəpəz" üzərində qazandığı qələbə ilə cari "futbol ili"nə hazırlıqlı olduqlarını göstərdilər.
Heyətləri müqayisə etsək "Qarabağ"ın səviyyəsi göz önündədir. Qurban Qurbanov bu mövsüm heyətinə keyfiyyətli futbolçular qatmağı bacardı. "Kimyaçılar" da yay "transfer pəncərəsi"ndə fəal oldular. Saşa İliçin formalaşdırdığı heyət son oyunda çox yaxşı təsir bağışladı. Bu gün maraqlı qarşılaşma izləyəcəyik.
“Qarabağ” “Sumqayıt”la indiyədək 51 dəfə üz-üzə gəlib. Bu görüşlərin 39-da “Qarabağ” qalib gəlib, 5 dəfə heç-heçə qeydə alınıb, 7 oyunda isə qələbə “Sumqayıt”ın olub. Top fərqində də ağdamlılar öndədir - 126:23.
Maraq üçün qeyd edək ki, “Qarabağ” son 4 matçda rəqibini quru hesabla məğlub edib və evdə oynadığı bütün 26 oyunda qol vurmağı bacarıb.
Oyunu FİFA referisi Cavid Cəlilov idarə edəcək.
Misli Premyer Liqası
I dövrə, 2-ci tur
“Qarabağ” – “Sumqayıt”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Kamranbəy Rəhimov
VAR hakimi : Nicat İsmayıllı
VAR hakiminin köməkçisi: Rahil Ramazanov
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Elgiz Abbasov
Bakı. Azersun Arena. Saat 19:30
Sport1.az