Misli Premyer Liqasında ilk turun həyacanı davam edir.
Bu gün "Neftçi" öz evində "Şamaxı"nı qəbul edəcək. Cütün favoritinin "ağ-qaralar" olduğunu söyləyə bilərik. Flaqmanın baş icraçı direktoru Cenk Sümer jurnalistlərə açıqlamasında bu mövsüm komandanın Premyer Liqada iddialı olacağını söylədi. Bakı təmsilçisi bu yolda ilk turdan büdrəmək istəməyəcək.
"Şamaxı" ilə müqayisədə "Neftçi" yay "transfer pəncərəsi"ndə fəallıq nümayiş etdirdi. Samir Abasov da ötən mövsüm arzuladığı öz komandasını qura bildiyini açıqladı. Klubların da büdcələrini müqayisə etsək, "ağ-qaralar"ın doğma meydanda qələbə qazanacağını rahat söyləyə bilərik.
"Şirlər" bu mövsüm Premyer Liqada qalmağa oynacaq. Amma Ayxan Abbasovun hər zaman "B planı"n olduğunu unutmayaq. Lakin "Şamaxı"nın büdcəsinin az olması çalışdırıcının əlindəki imkanları məhdudlaşdırır.
Maraq üçün bildirək ki, “Neftçi” və “Şamaxı” bu günə kimi 78 dəfə qarşılaşıb. Bu oyunlarda bakılılar 44 qələbə qazanıb, 18 heç-heçə qeydə alınıb, 16 görüşdə isə “Şamaxı” qalib gəlib. Qapılara vurulan toplarda da "Neftçi" öndədir - 124:71.
Oyunu FİFA referisi Elçin Məsiyev idarə edəcək.
Misli Premyer Liqası
16 avqust
I dövrə, 1-ci tur
“Neftçi” – “Şamaxı”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov
VAR hakimi: İnqilab Məmmədov
VAR hakimi köməkçisi: Şirmamed Mamedov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Rüfət Əmirov
Bakı. Palms Sport Arena. Saat 20:00.
XƏLİL İBADLI
Sport1.az