"Neftçi" ötən mövsüm uğursuz çıxışı ilə diqqət çəkdi.Bakı təmsilçisi Premyer Liqanı 6-cı pillədə tamamladı.
Bu səbəbdən də hazırda flaqmanda köklü dəyişikliklər edilir. Komandadan 12 futbolçu göndərilib.
"Ağ-qaralar" uğur əldə etmək üçün başqa nə etməlidir? Hansı addım "Neftçi"ni dirçəldə bilər?
Suallarımızı veteran futbolçu Nazim Əliyevə ünvanladıq. Mütəxəssis mövzu ilə bağlı
Sport1.az-a açıqlamasında bunları söylədi:
'Komandalarda uğur olmayanda ilk olaraq baş məşqçiyə gözlər dikilir. Çünki, əsas söz sahibi, kollektivi oyuna kökləyən və nəticələrə cavabdeh şəxs odur. Buna baxmayaraq, bu gün Samir Abasovu qınamaq doğru deyil. "Ağ-qaralar"ın başa çatan mövsümdə mükafatçılar sırasına düşüməməsinə görə də baş məşqçini hədəf almağı düzgün hesab etmirəm. Unutmayaq ki, komandanı çempionata hazırlayan Samir Abasov olmamışdı. O, "Neftçi"ni çətin vəziyyətdə götürdü. Bacardığı qədər komandanı toparlamağa çalışdı. Hesab edirəm ki, Premyer Liqanın startından "ağ-qaralar"ın sükanı arxasında Samir müəllim olsaydı, fərqli nəticələrə ola bilərdi. Unutmayaq ki, uzun illərdən sonra məhz Samir Abasov "Neftçi"yə qızıl medalları qazandırmağı bacaran bir məşqçi kimi tarix yazıb. Ona güclü komanda formalaşdırması üçün vaxt verilməlidir. Ən 3-4 il komandanın sükanı arxasında olmaq lazımdır ki, uğurlar gəlsin. Səmimi demək lazımdır ki, "Neftçi" ötən mövsümü çox zəif keçirdi. Fiziki cəhətdən futbolçular 90 dəqiqə oynamağı bacarmırdılar. Bu cür çatışmazlığı da Premyer Liqanın gedişində aradan qaldırmaq demək olar mümkün deyil. Ancaq 2 aylıq toplanışla mümkündür. Hesab edirəm ki, Samir müəllim yay toplanışında onun futbol fəlsəfəsinə uyğun olan futbolçuları komandasına cəlb edəcək. Yaxşı təlim-məşq keçəcək və döyüşkən "Neftçi"ni formalaşdıracaq. Mən ona inanır və uğurlar arzu edirəm". MİRZƏ S.
Sport1.az