Avropa Liqasının əsas mərhələsinin VI turunda "Viktoriya" (Plzen) "Mançester Yunayted"lə qarşılaşmışdı.
Oyundan 1 gün öncə keçirilən mətbuat konfransında "qırmızı şeytanlar"ın baş məşqçisi Ruben Amorimi ingilis jurnalistlər sual atəşinə tuturlar. Portuqaliyalı mütəxəssisə istefası, klubun gələcəyi, planları barədə suallar ünvanlanır. Amorimin cavablarını diqqətinizə çatdırıram:
"Bir nəfərin gedişi heç nəyi dəyişmir. İlk gündən idarə heyətinin dəstəyini hiss etmişəm. Omar Berrada, Ceyson Uilkoks, eləcə də Den Eşvortun ciddi dəstəyini görmüşəm. Bu futboldur və futbolda bu cür şeylər baş verir. "Mançester Yunayted" nəhəng klubdur. Qalib gəlmirsənsə, baş məşqçi gedir, oyunçular gedir.
Mən oyunçularımı öyrənməyə, tanımağa fokuslanmışam. Məncə, bu, klubun problemlərindən biridir. Əlimizdə olan oyunçulara diqqətimizi yönəltməli, akademiyaya fokuslanmalı və oyunçu transfer edərkən təmiz profilə sahib olmalıyıq. İdarə etməli olduğumuz çox detal var.
Məqsədimiz Avropa Liqasını qazanaraq Çempionlar Liqasına getmək deyil. Məqsədimiz Premyer Liqa çempionu olmaqdır. Əlbəttə ki, riyazi hesablamalar apara bilərsiniz. Bizim kimi böyük bir klub Çempionlar Liqasında olmalıdır. Turnir cədvəlinə baxıb Avropa Liqasını asan hesab edə bilərsiniz. Lakin fikrim bunda deyil. Bizim hədəfimiz Premyer Liqanı qazanmaqdır, təkcə Çempionlar Liqasına çıxmaq yox".
Bu hadisə dekabrın 11-də baş verib. Onda "Mançester Yunayted"in işləri qaydasında getmirdi. Hətta böyük ümidlərlə gətirilən Ruben Amorim də vəziyyəti düzəldə bilmirdi. Amma portuqaliyalı verilən kəskin suallara sərt cavablar vermirdi. Hətta komandasını çempion edə biləcəyini düşünürdü. Amma demədi ki, mən bu kollektivi götürəndə vəziyyət daha pis idi. Gileylənmədi ki, biz gələndə komanda 4 oyun məğlub olmuşdu, 2 heç-heçə edib. Oyunçuların mətbuat konfransında yıxıb-sürümədi. Əksinə onlara dəstək oldu. Mətbuat konfranslarında səs-küy salmadı. Sadəcə, peşəkar kimi davrandı. Rəhbərliyin ona güvəndiyini bildirdi. Hədəflərini açıqladı, vəssalam!
Dünən eyni proseslər bizdə yaşanıb. "Neftçi"nin Premyer Liqanın 27-ci turunda səfərdə "Səbail"i 2:1 hesabı ilə məğlub etdiyi görüşdən sonra həmkarımız Mahir Rüstəmli mütəxəssisə sual ünvanlayıb ki, avrokuboklara vəsiqə qazanmasanız, istefa verəcəksiniz? Yəqin ki, qəhrəmanımızın nələr etdiyini hamınız gördünüz? Baş verənlər kənarda qalsın...
Konfransda söylədiklərinizi bir də baxın, cənab Abasov! İşinizi itirməkdən necə qorxduğunuz açıq-aşkar görsənir. Çünki bilirsiniz ki, hazırki "Neftçi" rəhbərliyi sizə güvənmir. Bu səbəbdən də özünüzü müdafiə etməyə başladınız. Məsələn, dünən Tovuzda Kurban Berdiyevə həmkarımız Anar Şabanoğlu eyni sualı ünvanladı: "Avrokuboklara vəsiqə qazanmasanız, burada qalacaqsınız?"
Cavab qısa və konkret oldu: "Bəli, burada qalacam!"
Vəssalam! Çünki Kurban Berdiyev peşəkardır. İşinə hörmətlə yanaşır. Bilir ki, "Turan Tovuz" rəhbərliyi ona güvənir. Klub daxilində nizam-intizama riayət edir. Səhvlərə görə tək oyunçunu günahlandırmır. Açıq-aşkar deyir ki, uşaq səhvləri edirik. Hakimləri günahlandırmır. Allah hər şeyi görür deyir.
Bəs, siz niyə belə deyilsiniz? Sizə təxribat xarakterli suallar verilə bilər. Hətta qəsdən sizi əsəbiləşdirənlər də var. Amma sizin açıqlamalarınız "Neftçi"nin imicinə ziyan vurur. Flaqmanın adına-sanına, böyüklüyünə yaraşmayan hərəkətlər edir, açıqlamalar verirsiniz...
PS: "Mətbuat konfransları sizin səbrinizin sınanılması üçün yer deyil. Ya da çayxana deyil ki, düşündüklərinizi beynizdə götür-qoy etmədən söyləyəsiniz. Axı, bunları sizə PRO kateqoriyası dərslərində öyrədiblər.
İLKİN SULTANLI
Sport1.az