Bu gün Misli Premyer Liqasının 2025/26 mövsümünə start veriləcək.
İlk oyun günündə 1 qarşılaşma keçiriləcək. Şamaxıda “Karvan-Yevlax” “Qəbələ”ni qəbul edəcək. Bu cütün favoriti “qırmızı-qaralar”dır. Ötən mövsüm I Liqanın qalibi olan kollektivin Premyer Liqa təcrübəsi var. Düzdür, Yevlax təmsilçisi də bir vaxtlar əsas çempionatda iştirak edib. Amma bu həmin “Karvan” deyil.
Bundan əlavə, “Qəbələ” heyət baxımından “ağ-qaralar”dan daha üstün görünür. “Radarlar” yay “transfer pəncərəsi”ndə Yevlax təmsilçisinə nisbətən daha güclü oyunçular aldı.
Məşqçiləri də müqayisə etsək, “Qəbələ” “Karvan-Yevlax”dan üstündür. Çünki “qırmızı-qaralar”ın baş məşqçisi Kaxaber Sxadadze Premyer Liqada çempionluq yaşayıb, avrokuboklarda mərhələ keçib. “Qəbələ” ilə qarşılaşma “Karvan-Yevlax”ın baş məşqçisi Azər Həşimovun Premyer Liqada siftəsi olacaq.
Yevlaxlıların bu görüşdə tək üstünlüyü qarşılaşmanın Şamaxıda süni ot örtüyündə keçirilməsidir. Bundan əlavə, azarkeş dəstəyini də nəzərə almaq lazımdır. Yəqin ki, yevlaxlılar Premyer Liqanın açılış matçından öz komandaları dəstəkləmək üçün Şamaxıya gələcəklər.
Maraq üçün bildirək ki, bu kollektivlər indiyə kimi Premyer Liqada üz-üzə gəlməyiblər. Oyunu FİFA referisi Əliyar Ağayev idarə edəcək.
Misli Premyer Liqası
15 avqust
I dövrə, 1-ci tur
“Karvan-Yevlax” – “Qəbələ”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamran Əliyev
VAR hakimi: Rəşad Əhmədov
VAR hakiminin köməkçisi : Kamran Bayramov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Şamaxı şəhər stadionu. Saat 17:00
XƏLİL İBADLI
Sport1.az