Premyer Liqada yeni mövsümün başlamasına az müddət qaldı. Artıq ilk turda hansı rəqiblərin qarşılaşacağı da bəllidir. Bir çoxları düşünür ki, yeni “futbol ili”ndə maraqlı hadisələr cərayan edəcək. Çünki 12 komanda turnirdə iştirak edəcək. Legioner limiti ləğv olunub. Bu məqamları nəzərə alsaq, çempionatın açılış turu ilə bağlı nələr söyləmək olar? Sualımızı Arif Əsədova ünvanladıq.
Mütəxəssis mövzu ilə bağlı
Sport1.az-a açıqlamasında bunları söylədi:
“Uzun illərdən sonra ilk dəfədir ki, 12 komandalı və yeni formatlı çempionat izləyəcəyik. İlk turu dəyərləndirərkən, onu xüsusi qeyd edim ki, əsas maraq doğuran duel “Sabah” – “Qarabağ” görüşü olacaq. Ötən mövsüm bu komandalar arasında yaxşı oyunlar keçirildi.Ən əsası kubokun finalında “bayquşlar” Ağdam təmsilçisini qızıl medallardan məhrum etdi. Düşünürəm ki, ilk görüş olsa da, yaxşı mübarizə görəcəyik. Unutmayaq ki, masazırlılar avrokuboklar da kreativ oyun sərgiləyir. Bu qarşıdurmanı heç-heçə görürəm. “Zirə” – “Araz-Naxçıvan” qarşılaşması haqqında da eyni fikirləri demək olar. “Qartallar” evdə oynadıqlarından daha istəkli olacaqlar. I Liqadan gələn klubların özlərini necə göstərəcəkləri maraqlıdır. Debütant “İmişli”nin “Turan Tovuz”a necə müqavimət göstərəcək? Bu görüşü də maraqla gözləyirəm. Samir Abasov hazırda “Neftçi”ni yeniləyir. Odur ki, “ağ-qaralar”ın da “Şamaxı” ilə görüşü həyəcanlı olacaq. Çünki bölgə təmsilçisi də ötən mövsüm Premyer Liqada xarakter göstərdi. Ayxan Abbasovun komandasının bu il də rəqiblərinə diş göstərəcəyi şübhəsizdir. “Sumqayıt” – “Kəpəz” oyunu aşağı-yuxarı başabaş səviyyəli olacaq. Hər iki klubda təzə baş məşqçi var və komandalar yenidən qurulur. Amma qismən “kimyaçılar”ı favorit hesab etmək olar. “Karvan” – “Qəbələ” matçında şanslar bərabərdir”.
MİRZƏ S.
Sport1.az