Ötən mövsüm Region Liqasında yarım finala qədər irəliləyən “Göyəzən” hazırda ağır günlərini yaşayır.20 ildən çoxdur komandaya sponsorluq edən “Turanbank” klubdan imtina edib. Görəsən, bunun səbəbi nədir?
Qazax təmsilçisinin gələcək taleyi necə olacaq? “Dağlılar” qarşıdakı mövsümdə Region Liqasında mübarizə aparacaqlarmı?
Bu sualları komandanın baş məşqçisi və direktoru Elxan Muradova ünvanladıq. Qərb təmsilçisinin rəsmisi mövzu ilə bağlı
Sport1.az-a bunları söylədi:
“Turanbank” əvvəlcədən bizə heç bir xəbərdarlıq etmədən başa çatan müqaviləni yeniləmədi. Sözləşmənin uzadılmaması ilə bağlı da hansısa arqument göstərmədilər. 22 il idi. Onlar bizə pis-yaxşı maliyyə dəstəyi göstərir, əsas da stadionumuzun saxlanılmasında köməklik edilirdi. İndi deyirlər ki, yaxın günlərdə futbol məkanının komunal borcları ödənilməsə suyu və işığı kəsəcəyik. Belə olsa, çıxılmaz vəziyyətə düşəcəyik. Əsas komandamızla yanaşı, aşağı yaş qrupları üzrə 110 uşağa da stadionda məşq keçirik. Onların gələcəyi məhv ola bilər. Hazırda sponsor axtarışındayıq. Köməklik göstərməsi üçün AFFA-ya da müraciət etmişik. Gərgin və çıxılmaz vəziyyətdəyik”. Veteran futbolçu “Göyəzən”in “Turan Tovuz”un farm komandası olması ilə bağlı gəzən söhbətlərə də aydınlıq gətirdi:
“Bu, həqiqətə uyğun deyil. Bilmirəm bu söhbəti kim ortaya atıb və kimlər bunu yayır. Bizim 50 ilə yaxın yaşımız var, heç bir klubun da farm komandası olmaq kimi məqsədimiz, niyyətimiz yoxdur. Yeganə arzumuz “Göyəzən” yaşatmaq və peşəkar liqaya daşımaqdır”. MİRZƏ S
Sport1.az