Region Liqasında 1/8 finala vəsiqə qazan komandalar bəllidir. 8 qrupda ilk iki yeri tutan komandalar pley-offa yüksəlib. Bu kollektivlər arasında H qrupunu 10 xalla lider bitirən "Göyəzən" də var. Qazax təmsilçisi bu mövsüm turnirin qalibi olaraq II Liqaya vəsiqə qazanmaq istəyir. "Dağlılar"ın baş məşqçisi və direktoru Elxan Muradov
Sport1.az-a açıqlamasında Region Liqasındakı hədəflərindən danışdı:
"Mövsümə qələbə əzmi ilə başlamışıq. Geridə qalan 4 turdan sonra 10 xal toplayaraq lider olaraq 1/8 final mərhələsinə vəsiqəni təmin etmişik. Bununla da qarşımıza qoyulan minimum hədəfin öhtəsindən gəldik. Finala çıxmaq üçün döyüşəcəyik. Bizim II Liqada çıxış etməyimiz üçün heç bir problemimiz yoxdur. Şükür Allaha pis-yaxşı stadionumuz var. II Liqada oynayacağımız təqdirdə sponsor dəstəyimiz çoxalacaq”.Klub rəsmisi Qazax şəhər stadionunda bəzi dəyişiklər etdiklərini də bildirdi:
“Futbol məkanımızda az olsa da, təmir və yenidənqurma işləri apardıq. Qazonun xətləri yenidən çəkildi. Ən yaralı yerimiz olan suvarma sistemləri yeniləndi. Tribunaların girəcəklərini, ehtiyat oyunçular skamyalarını tikdik. Su xətlərini çəkdilər və yeni mühərrik də qoyuldu. Bu və digər vurğulamadığım təmir məsələləri üçün sponsorumuz 6-7 min manatlıq xərc çəkdi. Bundan başqa, futbolçularımızın əmək haqlarına da müəyyən qədər artımlar etdik. Region Liqasındakı əksər komandalarla müqayisədə bizim sponsorumuz var. Uğurlu çıxış etdikcə dəstəyimiz də artacaq. Səfər oyunlarına gedib-gəlmək kimi problemlərimiz yoxdur. İsti su ilə təmin olunma və qonaq komanda üçün qalmaq otelimiz də var".
Sport1.az