Bu mövsüm “Qarabağ”a rəqib olmuş “Bude-Qlimt” Avropa Liqasında, Musa Qurbanlının sabiq komandası “Yurqorden” isə Konfrans Liqasında yarımfinala yüksəldilər. Bir çoxları düşünür ki, bu kollektivlər Ağdam təmsilçisindən güclü deyillər. Bəs, Skandinav klublarının uğurunu “köhlən atlılar” niyə həyata keçirə bilmir? Avrokuboklar yeni tarix yazmaq üçün daha nə qədər gözləməliyik?
Suallarımızı Vaqif Sadıqova ünvanladıq. Mütəxəssis mövzu ilə bağlı
Sport1.az-a açıqlamasında bunları söylədi:
“Bude-Qlimt” və “Yurqorden” heç də “Qarabağ”dan üstün klublar deyillər. Onlar bu avrokubokların yeni reqlamentini tez mənimsədilər. Norveçlilər ilə isveçlilər daha çox güc futboluna və nəticəni qorumağa əsaslan oyun sərgiləyirlər. Ağdam təmsilçisi isə kreativ oyun ilə uğurlar qazanmağa fokuslanıb. “Köhlən atlılar"ın həmin klublardan əsas fərqi budur. Hətta ağdamlılar məğlub olduqları qarşılaşmalarda belə rəqiblərində oyun planında üstün idilər. Şəxsən "Qarabağ"ın bu cür oyun tərzi ilə uğur qazanmalarını dəstəkləyirəm. Gəlin, səbirli və nikbin olaq. Əminəm ki, yaxın illərdə “Qarabağ” bizə avrokuboklarda yeni zəfərlər bəxş edəcək. Onları ən azı yarımfinalda görəcəyik”.
Sport1.az