I Liqada çempionatın bitməsinə 5 tur qalıb.“Qəbələ” XXII turda səfərdə “İmişli”yə məğlub olmaqla çempionluğunu rəsmləşdirə bilmədi. “Karvan” Şamaxıda xal itirdi, “Qaradağ Lökbatan” isə xeyli vaxtdan sonra qələbə qazandı.
Bəs, son 5 turda gedişat necə olacaq? “Qırmızı-qaralar” çempionluğunu erkən rəsmləşdirə biləcək? Çempionatda qalmaq uğrunda mübarizədə “Cəbrayıl”, “Mingəçevir”, “Difai” və “Qaradağ Lökbatan”dan kim daha şanslıdır?
Suallarımızı Aslan Kərimova ünvanladıq. Mütəxəssis
Sport1.az-a açıqlamasında bunları söylədi:
“Qəbələ” praktik olaraq çempionluğunu təmin edib. Qalıb bunu rəsmiləşdirmək. Onlar “İmişli”yə məğlub olmasaydılar, artıq çempion idilər. Məncə, ilk “3-lüy”ün adları bəllidir. “Karvan” ilə “İmişli”nin ən yaxın izləyicisi “Zaqatala”dır. Onların 3-cü pilləyə çatması mümkünsüzdür. I Liqanı hazırda maraqlı edən 4 komandanın – “Cəbrayıl”, “Difai”, “Mingəçevir” və “Qaradağ Lökbatan”ın çempionatda qalmaq uğrunda mübarizəsidir. Sadaladığım ilk 3 kollektivin xalları bərabərdir. Lökbatanlılar isə onlardan 3 xal geri qalır. Klublar arasında ən şanslısı “Mingəçevir”dir. Onların həm investisiyası, həm baza-infrastrukturu, həm də yeni baş məşqçi nəfəsi var. Düşünürəm ki, qarşıdakı 5 oyunda Füzuli Məmmədovun komandası I Liqada yerini təmin edəcəklər. Hazırkı turnir cədvəlinə baxsaq, “Qaradağ Lökbatan” çempionatı tərk etməyə yaxındır. Amma dəqiq nəsə demək olmur. Çünki 5 oyun 15 xal deməkdir və autsayderlər arasında istənilən komanda yerdəyişmə edə bilər. Mövsüm bitənə qədər I Liqada qalmaq uğrunda gərgin mübarizə gedəcək”.
Sport1.az