Yeni mövsümdə I Liqada çempionluğa iddialı komandalardan biri də "Şəfa"dır. Bakı təmsilçisi hazırlıq planı necə gedir? Transfer çalışmalarında nə yenilik var? Şayilərə görə baş məşqçi təcrübəli forvard Amil Yunanovu yola salmaq istəyir. Komandanın yerli futbolçulardan təşkil olunacağı deyilsə də, komandada iki əcnəbi oyunçu yer alacağı da bildirilir. Bu məlumatlar nə qədər doğrudur? Suallarımızı Elgiz Kərəmliyə ünvanladıq. Baş məşqçi mövzu ilə bağlı
Sport1.az-a açıqlamasında bunları söylədi:
"Yeni mövsümə hazırlıq və seleksiya işlərimiz davam edir. Transfer çalışmalarımızı demək olar bitirmişik. Lakin çempionatın başlamağına kimi istədiyimiz futbolçuları klubları buraxsa, daha 1-2 oyunçu heyətə qatacağıq.
Amil Yunanovun komandadan getmək ehtimalı heç vaxt müzakirə olunmayıb. Hər bir məşqçi istəyər ki, onun kimi təcrübəli futbolçu sərəncamında olsun. Əvvəldən rəhbərlik legioner futbolçu götürməyə qarşı idi. Bu, klubun bir strategiyasıdır. Lakin hücum xəttinə istədiyimiz yerli futbolçuları gətirə bilmədik. Bu səbəbdən də əcnəbi forvard almağı müzakirə etdik. Sonda qərara gəldik ki, ancaq yerlilərə güvənək".Gənc mütəxəssis yığmamızın sabiq üzvü Əli Qurbaninin "Şəfa" keçidiylə bağlı yayılan xəbərə də aydınlıq gətirdi:
"Onun həm yaşı çoxdur, həm də maaşı. Rəsmi danışığımız olmayıb. Sadəcə hazırkı durumu ilə bağlı ümumi məlumat almışdıq".MİRZƏ S.
Sport1.az