Ölkəmizi Konfrans Liqasında təmsil edəcək komandalardan biri də “Araz-Naxçıvan”dır. Beynəlxalq turnirdə debüt edəcək Muxtar Respublika təmsilçisi I təsnifat mərhələsində “Aris”lə qarşılaşacaq.
Naxçıvanlıların yunanlar qarşısında şansı var? Elmar Baxşıyevin komandasının avrokuboklarda debütü uğurlu alınacaq?
Suallarımızı Fərid Namazova ünvanladıq. Gənc mütəxəssis mövzu ilə bağlı
Sport1.az-a açıqlamasında bunları söylədi:
“Avrokuboklarda mübarizə aparacaq digər klublarımızla müqayisədə “Araz-Naxçıvan”ın beynəlxalq oyunlarda təcrübəsi yoxdur. Püşk onlara çətin rəqib çıxardı. “Aris” həm Yunanıstanın sayılıb-seçilən komandalarındandır, həm də kifayət qədər avrokubok təcrübəsinə malikdir. Naxçıvan təmsilçisində bir çox aparıcı futbolçular komandadan gedib. Onların yerinə cəlb olunanlar ümidləri nə dərəcədə doğruldacaqlar? Yenilərin uyğunlaşma mərhələsi nə qədər çəkəcək bəlli deyil. Bu səbəbdən də digər klublarımızla müqayisədə “Araz-Naxçıvan”ın vəziyyəti bir qədər çətindir. Buna rəğmən, onlara uğurlar arzu edirəm”. MİRZƏ S.
Sport1.az