Azərbaycan millisinin üzvü Zamiq Əliyev karyerasını Ukraynada davam etdirə bilərmiş.
Sport1.az-a daxil olan məlumata görə, "Eqnatiya"nın mərkəz müdafiəçisinin "Veres"ə keçidi son anda baş tutmayıb. Buna səbəb albanlar olub. Klublar arasında razılıq olub ki, Zamiq UEFA Çempionlar Liqasının təsnifat mərhələsində meydana çıxmayacaq. Lakin "Eqnatiya" bu şərti pozub. Millimizin üzvü "Breidablik"lə cavab matçının 43-cü dəqiqəsində oyuna daxil olub. Bu səbəbdən Ukrayna təmsilçisi transferdən imtina edib.
Maraq üçün bildirək ki, "Eqnatiya" ilk görüşdə 1:0 hesabı ilə qalib gəlsə də, cavab matçında 5:0 darmadağın olaraq mübarizəni dayandırıb.
Qeyd edək ki, 26 yaşlı müdafiəçi ötən mövsüm 43 matçda meydana çıxıb. Bu görüşlərdə 1 qol vurub.
NİHAT KƏRİMLİ
Sport1.az