"Neftçi"nin baş məşqçisi Samir Abasov Misli Premyer Liqasının 5-ci turunda "Sumqayıt"a 2:0 hesabı ilə qalib gəldikləri oyunu şərh edib.
Sport1.az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında dedi:
"Yaxşı oyuna görə futbolçularıma təşəkkür edirəm. Son iki matçdakı oyunumuzu daha da yaxşılaşdırıb qələbə qazanmaq istəyən komanda gördüm. Bu da səbəbsiz deyil. Hər kəs "Neftçi"nin necə böyük komanda olduğunu bilir. Bu komanda üçün rəqibdən asılı olmayaraq heç-heçə belə uğursuz sayılır. Reallıq budur. Məndən də əvvəl belə olub, mənim dövrümdə də, mən sonra da olacaq. Biraz mövzudan kənara çıxacağam. "Qalatasaray" Çempionlar Liqasında "Ayntraxt"a 1:5 hesabı ilə uduzduqdan sonra baş məşqçi Okan Burukun verəcəyi açıqlama maraqlı gəldi. Dedi ki, 4 yeni oyunçu ilə oyuna çıxmışdılar. Bu, bəhanə kimi də qəbul oluna bilər, normaldır. Amma siz məşqçilərin yanında olmursunuz, bizim işimizin içində deyilsiniz. Ona görə də baş verən prosesləri bilə bilmərsiniz. Bu da normaldır. Amma reallıq budur ki, bizim heyətimizin böyük hissəsi yenilənib. Bu da təsir edir. Oyunlarda xal itirdikdən sonra komandada böyük təzyiq olur. Bu təzyiqdən də futbolçuları çıxarmaq tək mənim işim deyil. Bunun arxasında bizim rəhbərlik durub. Bu vaxta kimi görmədiyim şeydir. Qələbə qazanmaq üçün nə lazımdırsa, hətta artığını edirlər. Bu cür qələbələrə də təkan verən rəhbərlik oldu. Ona görə də bu qələbəni onlara həsr edirəm".
Sport1.az