"Sumqayıt" yay transfer çalışmalarını davam etdirir. Sport1.az-a daxil olan məlumata görə, "kimyaçılar" növbəti legioner transferini reallaşdırıb.
Premyer Liqa təmsilçisi Nikola Ninkoviçi rənglərinə bağlayıb. Uzun müddətdir ki, düşərgədə olan hücumameylli yarımmüdafiəçi artıq məşqlərdə iştirak edir.
Klubla futbolçu arasında "1+1" şərti ilə müqavilə imzalanıb.
30 yaşlı Ninkoviç Serbiya futbol məktəbinin tanınmış yetirmələrindəndir. O, "Partizan" klubunun akademiyasında yetişib, daha sonra karyerasını İtaliyada davam etdirib. "Kyevo", "Cenoa", "Breşiya" və "Askoli" kimi klubların formasını geyinmiş yarımmüdafiəçi A Seriyasında 18 oyun keçirib, 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Ninkoviç Serbiya millisinin U-17, U-19 və U-21 komandalarında da çıxış edib. O, son illərdə "Proleter", "Boraç Banya-Luka", Gürcüstanın "Torpedo Kutaisi" və Serbiyanın "Tekstilaç" komandalarında forma geyinib.
Xatırladaq ki, “Sumqayıt” bu yay daha əvvəl Pedro Pinto (Petro Luanda, Anqola), Aleksa Yankoviç (Radniçki, Serbiya), Rauf Rüstəmli (Sabah, icarə), Aleksandr Ramalinqom (Bney Saxnin, İsrail) və Rayan Senhadji (Fakel, Rusiya) və Rüstəm Əhmədzadəni heyətinə cəlb edib.
NİHAT KƏRİMLİ
Sport1.az