“Sumqayıt” Futbol Klubu daha bir tərəfdaş ilə əməkdaşlığa imza atıb.
Sport1.az xəbər verir ki, klub ilə “VOLT GROUP” MMC-yə məxsus “Rox” brendi arasında rəsmi tərəfdaşlıq müqaviləsi imzalanıb. Tədbir Sumqayıt şəhərinin eyniadlı stadionunda — Mehdi Hüseynzadə adına arenada baş tutub. İmzalanma mərasimində “Sumqayıt” FK-nın prezidenti Riad Rəfiyev və “VOLT GROUP” MMC-nin həmtəsisçisi və direktoru Emin Əsgərov iştirak ediblər.
Əməkdaşlığa əsasən, “Rox” brendinə məxsus tanıtım nişanları “Sumqayıt” komandasının oyun formalarında, ev oyunlarının keçirildiyi Mehdi Hüseynzadə stadionunda və klubun rəsmi media platformalarında yerləşdiriləcək. Tərəflər bu müqavilənin həm kommersiya, həm də imic baxımından hər iki brend üçün faydalı olacağını vurğulayıblar.
“Sumqayıt” rəhbərliyi bu əməkdaşlığın klubun maliyyə dayanıqlığının gücləndirilməsi istiqamətində atılan mühüm addımlardan biri olduğunu bildirib.
Sport1.az