II Liqada mübarizə aparan və peşəkarlaşmaq istiqamətində addımlar atmağa çalışan klublardan biri də “Şəki Siti”dir. Amma bölgə təmsilçisi hələ də maliyyə məsələlərində arzu etdikləri inkişafa nail ola bilməyib. Şəkililərin bu yaxınlarda FİF ilə görüşü baş tutdu.
Görəsən, tədbirdə nələr müzakirə olunub? FİF-lə görüş "Şəki Siti" üçün faydalı olacaq? Suallarımızı klubun prezidenti Elgün Hüseynova ünvanladıq. Bölgə təmsilçisinin rəhbəri mövzu ilə bağlı
Sport1.az-a açıqlamasında bunları söylədi:
“Bu yaxınlarda FİF və digər qonaqlar ilə doğma yurdumuzda görüşümüz reallaşdı. Bir çox məsələlər müzakirə edilsə də, əsas istiqamət yaralı yerimiz olan sponsor təminatı ilə bağlı oldu. Dəyirmi masa arxasında müzakirələrdən sonra klubumuzda İdarə Heyətinin sədri vəzifəsini tutmaq üçün səsvermə keçirildi. Rayonumuzdan olan deputat Vüqar İsgəndərov bu işi bir il icra edəcək. Bundan başqa, “Biznes klub” formatına uyğun olaraq bilet satışını artırmaqla komandaya az da olsa maliyyə imkanlarının yaranmasında maraqlıyıq. Maksimum çalışırıq ki, peşəkarlaşma istiqamətində irəliləyək. Amma yuxarıda qeyd etdiyim kimi, sponsor tapmağımızdan çox şey asılıdır. Mövsümün startına qədər maliyyə vəziyyətimiz yaxşılaşsa, II Liqada qızıl medallara sahib olmaq üçün çalışacağıq. Sponsorumuz olmasa, çempionatda qalmaq uğrunda mübarizə aparacağıq”. Klub rəsmisi AFFA-nın baş katibi Cahangir Fərəcullayevin Şəkiyə gəlməsi və yerli komandayla maraqlanması haqqında da danışdı:
“FİF ilə görüşüzdən bir neçə gün sonra AFFA-nın baş katibi Cahangir müəllimlə də görüşümüz və xeyli müzakirələrimiz oldu. Federasiya rəsmisinə çətinliklərimizlə bağlı reallıqları dilə gətirdim. Cahangir müəllim də maliyyə dayaqlarının tapılmasıyla bağlı bizə dəstək olacağını vurğuladı. Həmçinin o, stadionumuzun mövcud vəziyyəti və uşaq futbolu ilə də maraqlandı. Futbol məkanımızda həm aşağı yaş qrupları üzrə seçmələrimizin, həm də əsas komandamızın məşqləri və oyunları keçirilir. Buna görə də ot örtüyünün yükləndiyini bildirdim. 200 minlik əhalisi olan Şəkinin cəmi bir stadionu var. Bu hal bizim işimizi çox çətinə salır. Baş katib şəhərimizdə stadion tikilməsi üçün bəzi ərazilərə baxış keçirdi. Düzdür, yeni meydançalarının tikilməsiylə bağlı qərar verilməsə də, inanıram ki, başda Cahangir müəllim olmaqla federasiya rəhbərləri bu işi tezliklə həyata keçirəcək. Digər sıxıntımız isə bölgəmizdə kateqoriyalı məşqçilərin azlığıdır. Bu barədə də AFFA-nın baş katibinə məlumat verdim. Söz verdi ki, qısa zamanda Şəkidə məşqçilik kurslarının təşkiliylə bağlı işlər başlanılacaq. Ümumi götürəndə Canahgir Fərəcullayevin fəaliyyətimizlə bağlı fikirləri, təəssüratları müsbət oldu”. MİRZƏ S.
Sport1.az