Pap Abu Sisse karyerasını Azərbaycanda davam etdirə bilər.Sport1.az-a daxil olan məlumata görə, seneqallı futbolçu ilə "Sabah" yaxından maraqlanır.
Paytaxt təmsilçisi yeni mövsüm iddialı heyət formalaşdırmaq niyyətindədir. "Bayquşlar" ötən "futbol ili"ndə müdafiədə çoxlu problemlər yaşadı. Klub rəhbərliyi eyni halların baş verməsini istəmir. Bu səbəbdən də Valdas Dambrauskas "Sabah" rəsmilərindən Sissenin transfer edilməsini tələb edir.
Hazırda klubsuz olan afrikalı da Azərbaycanda oynamağa isti yanaşır. Maaş məsələsində razılıq əldə olunsa, keçid tezliklə həll oluna bilər.
Qeyd edək ki, 29 yaşlı futbolçu karyerası ərzində "Pikine" (Seneqal), "Ayaçço", "Sent-Etyen" (hər ikisi Fransa), "Olimpiakos" (Yunanıstan), "Adana Demirspor" (Türkiyə), "Əl-Şamal" (Qətər) kimi klublarda çıxış edib.
Sisse Seneqal millisində 16 qarşılaşmada 1 qol vurmağı bacarıb.
197 sm boya malik müdafiəçi klub səviyyəsində 259 qarşılaşmada 18 qol vurub, 3 məhsuldar ötürmə edib.
Sport1.az