"Sabah"ın üzvü Cessi Sekidikanın Sport1.az-a müsahibəsi...
- Gərgin oyun keçdi. Heç-heçə sayəsində finala yüksəldiniz. Matçla bağlı fikirlərin maraqlıdır...
- Yaxşı oyun oldu. "Neftçi" nə qədər yaxşı mübarizə aparsa da, bu gün onlardan daha üstün çıxış etdik. Finalı daha çox istəyən tərəf idik və buna da nail olduq.
- Mətbuatda yayda "Neftçi"yə keçəcəyin haqqında şaiyələr dolanır. Bu kimi xəbərlər haqqında nə söyləyə bilərsən?
- "Sabah"la müqaviləm hələ də davam edir. Bu kimi xəbərlər reallığı əks etdirmir. Mən burada olmaqdan çox xoşbəxtəm.
- Həm növbəti həftə, həm də kubokun finalında "Qarabağ"la qarşılaşacaqsınız...
- Düşünürəm ki, liqa oyunumuzla kubokun finalı arasında çox böyük fərq var. Çempionatda 4 dəfə oynasaq da, final 1 oyundan ibarətdir. Rəqibə hörmətimiz sonsuzdur. Çox güclü kollektivə sahibdirlər. Bu oyunlara yaxşı hazırlaşıb, əlimizdən gələcəyini edəcəyik.
- "Sabah"ın yaydığı bəyanatda və mediada çıxan xəbərlərdə Elvin Camalovun məhz səninlə danışdığı iddia olunur. Hazırda onunla aran necədir? Kluba bu barədə məlumatı verən sən idin?
- Əlbəttə ki, bu mən deyiləm. Elvin bizim keçmiş kapitanımız olub. Bir kapitandan da əlavə mənim üçün çox yaxşı dostdur. İndi də aramız çox yaxşıdır. Bu kimi iddialar həqiqəti doğrultmur.
Qeyd edək ki, Cessi Sekidika 10 qolla "Sabah"ın Premyer Liqada ən çox qol vuran oyunçusudur.
EMİN ZEYNALLI
Sport1.az