Dünən AFFA-nın rəsmi saytında futbol ictimaiyyəti üçün əhəmiyyətli olan məlumat paylaşıldı. Həmin informasiyanı diqqətinizə çatdırırıq:
"AFFA-nın prezidenti Rövşən Nəcəf A milli komandamızın baş məşqçisi Ayxan Abbasovla görüşüb. Görüş zamanı Rövşən Nəcəf mütəxəssisin U-21 komandasında gördüyü işləri, həmçinin A millinin DÇ-2026-nın seçmə mərhələsində Ukrayna yığması ilə (1:1) oyundakı çıxışını yüksək qiymətləndirib. AFFA prezidenti Ayxan Abbasovla komandamızın qarşıdakı oyunları ətrafında fikir mübadiləsi aparıb. Rövşən Nəcəf milliyə və baş məşqçiyə AFFA rəhbərliyi tərəfindən dəstəyin bundan sonra da davam etdiriləcəyini bildirib, komandamıza növbəti oyunlarda uğurlar arzulayıb.
Görüşdə AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev və baş katib Cahangir Fərəcullayev də iştirak ediblər".Bu məqalədən sonra hamıya bəlli oldu ki, Ayxan Abbasov rəsmən millinin baş məşqçisi təyin olundu. Amma mütəxəssislə bağlanan müqavilənin şərtlərə ictimaiyyətə açıqlanmayıb. Görəsən, niyə?
Məsələ ilə bağlı
Sport1.az-a maraqlı informasiya daxil olub. Rövşən Nəcəflə görüşdən sonra Ayxan Abbasovla planlar dəyişilib. AFFA prezidenti mütəxəssisin həm Dünya Çempionatının seçmə mərhələsindəki 4 oyunda, həm də Millətlər Liqasındakı qarşılaşmalarda komandaya rəhbərlik etməsini istəyib. Yəni, 44 yaşlı məşqçi ilə "2+1" şərti ilə müqavilə imzalanacaq. Komandamız Millətlər Liqasında uğurlu nəticə əldə etsə, Ayxan Abbasovun müqaviləsində +1 şərti avtomatik qüvvəyə minəcək.
İLKİN SULTANLI
Sport1.az