Bir müddət öncə PFL maraqlı rəsmi saytında maraqlı informasiya paylaşdı. Həmin məlumatı diqqətinizə çatdırırıq:
“II Liqada 2025-2026-cı illər futbol mövsümündə iştirak edəcək klubların sayı müəyyənləşib. Turnirdə 12 komanda çıxış edəcək. “Qusar” rəsmi müraciətə və dəfələrlə olan xatırlatmalara baxmayaraq, 2025/26-cı il futbol mövsümündə iştirakını təsdiqləmədiyinə görə, eyni zamanda, II Liqanın 2024/25 mövsümündə komandanın oyunlarında dəfələrlə təkrarlanmış neqativ hallar (sistematik şəkildə Əsasnamə tələblərinin pozulması) nəzərə alınaraq, idman prinsipləri rəhbər tutularaq bu komandanı II Liqada ötən il Region Liqasında 3-cü yeri tutmuş “Ağstafa Gəncləri” əvəzləyəcək”.
Turnirdə iştirak etmək üçün bir çox kollektivlər PFL-ə müraciət edib. Lakin qurum idman prinsiplərini əsas götürüb. PFL-ə müraciət edənlərdən biri də “Çinar Zəngilan” olub. Klubun prezidenti Anar Dünyamalıyev
Sport1.az-a açıqlamasında məlumatı təsdiqlədi:
“II Liqada mübarizə aparmaq üçün AFFA və PFL-ə rəsmi müraciətlər etmişdik. Hətta 150 min büdcə də göstərmişdik. Yarımpeşəkar liqada iştirakımıza icazə verilmədi. Stadion və digər zəruri tələblərlə bağlı da problem olmayacaqdı. Ev oyunlarımız keçirmək üçün 3 stadionla danışıqlar aparırdıq. Lakin bizim təklifimiz qəbul edilmədi”.
MİRZƏ S.
Sport1.az