Bu gün yığmamız doğma azarkeşlər önündə Ukrayna millisini qəbul edəcək.
Bəs İslandiyada ağır məğlubiyyət yaşayan komandamızdan bu dəfə nə gözləmək olar? Yığmamızın sabiq baş məşqçisi Arif Əsədov ukraynalılarla qarşılaşma öncəsi
Sport1.az-a fikirlərini bölüşdü:
“Təbii ki, İslandiya qarşısında böyükhesablı məğlubiyyətdən sonra futbolçuların mənəvi-psixoloji baxımdan toparlanaraq oyuna köklənməsi çətindir. Üstəlik, baş məşqçi Fernandu Santuş da istefaya göndərildi və komanda hazırda baş məşqçisiz qalıb. Ukrayna ilə oyuna milli komandamızın U-21 yığmasının baş məşqçisi Ayxan Abbasov çıxacaq.
Bu şəraitdə futbolçularımızın əzmkarlığı, xarakteri və peşəkarlığı ön plana keçməlidir. Düşünürəm ki, Ayxan müəllim oyunçuları maksimum dərəcədə matça fokuslandırmağa çalışacaq.
Futbolçularımız İslandiya ilə oyunun nəticəsini unudub bütün diqqətini Ukrayna ilə görüşə yönəltməlidir. Matçın ilk dəqiqələrindən sərgilənəcək oyun, mübarizə və əzmkarlıq çox şeyi müəyyən edəcək. Hətta 1 xal belə, məhz bu amillərdən asılı olacaq”.Mirzə S.
Sport1.az