Qarşıdan yığmamızın Latviya və Macarıstan seçmələri ilə yoldaşlıq oyunları gəlir.
Bu qarşılaşmalarda Fernandu Santuşun başlıca məqsədi nə olacaq? Portuqaliyalı mütəxəssis komandanı sentyabrda start götürəcək Dünya Çempionatının seçmə mərhələsinə hazırlaya biləcəkmi? Bu sualları aydınlaşdırmaq üçün A millimizdə məşqçi işləmiş Arif Əsədovun fikirlərini öyrəndik.
Mütəxəssis mövzu ilə bağlı Sport1.az-a açıqlamasında bunları söylədi:
“Latviya və Macarıstan milliləri ilə qarşılaşmalar yığmamızın seçmə mərhələ ərəfəsindəki son yoxlama görüşləridir. Fernandu Santuş həm oyun planında, həm də heyət baxımından komandanı formalaşdırmalıdır. Rəqiblərimizə gəlincə, Macarıstan top komanda olmasa da, inkişafda olan və nəticəyə qazanmaq üçün döyüşən millidir. Onlar bizdən bir baş üstündürlər. Amma Latviya dişimizə görədir. Onları məğlub edə bilərik. Əlbəttə ki, yoxlama görüşlərində əsas olan futbolçuların hazırlıq səviyyəsini bilmək, optimal heyəti formalaşdırmaq və komandanı rəsmi oyunlara hazırlamaqdır. Buna rəğmən, uğurlu nəticə, qələbə həmişə xoşdur. Yığmamız hər iki oyunda qalib gəlsə, psixoloji olaraq daha hazırlıqlı olacaqlar. Ümid edirəm ki, millimiz qarşıdakı görüşlərdə yaxşı mübarizə apararaq uğurlu nəticələrə imza atacaq. Əsas seçməmizə uğurlar arzu edirəm”.
MİRZƏ S
Sport1.az