Misli Premyer Liqasının V turunda "Qarabağ" səfərdə "Araz-Naxçıvan"ı darmadağın etdi - 5:0.Sport1.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında qonaqların məşqçisi Qurban Qurbanov çıxış etdi.
Mütəxəssis qələbə haqda bunları söylədi:
"Futbolçularımı təbrik edirəm. Vacib qələbə oldu. Xal itkisi turnir cədvəlində işimizi çətinləşdirə bilərdi. Qarşımızda çox yaxşı, bərk kollektiv var idi. Uğur bizim tərəfimizdə oldu. Rəqib qırmızı vərəqə ilə cəzalandırıldı, penalti vurmaq hüququ qazandıq. Sanki bunlar işimizi bir az asanlaşdırdı. "Araz-Naxçıvan"ın çox təhlükəli hücum xətti var. Hansı ki, istənilən an qapında qol görə bilərsən. Futbolçularım bəzi anlarda diqqətsizlik etdilər. Ancaq ümumi olaraq, oyunun gedişatından razı qaldım. Azarkeşlərimizə təşəkkür edirəm. Ən azından stadionda yaxşı ab-hava yaratdılar. Sayları az olsa da, futbolçulara sona qədər dəstək var idi. Elmar Baxşıyev və komandasına uğurlar arzulayıram"."Köhlən atlar"ın çalışdırıcısı Ramil Şeydayevin nə vaxt oynacağı barədə də danışdı:
"Məncə, yaxın zamanlarda. Qarşıdakı matçlarda yavaş-yavaş meydana buraxa bilərik. Son vaxtlarda fərdi məşqlər edirdi. Ancaq çempionatın başlamasına qədər, komandası ilə yaxşı hazırlıq keçmişdi".Qurban Qurbanov fərqli heyətdən istifadə etməsinin səbəbini də açıqladı:
"Rotasiyalar etdik. Öz planımız üzrə gedirdik. Bəzi meydançalara baxanda, bu gün oynadığımız daha yaxşı idi. Futbolçular daha rahat oynayırdılar. İlk hissədə meydança sanki daha quru görünürdü, su yox idi, vurulmamışdı. Ola bilər ki, əvvəlcədən vurulmuşdu, küləyə görə qurumuşdu. Fasilədə meydança sulandı və ikinci hissə topla davranmaq daha rahat oldu. Zədə məsələsinə gəldikdə, bu barədə düşünəndə, bəlkə insanın başına daha çox belə hadisələr gəlir. Oyunun gedişatına görə addımlar atdıq".Baş məşqçi Kadinin Yankoviçin mövqeyində oynaması ehtimalından da danışdı:
"Ehtimal var. Amma qarşıdakı matçlarda düşünəcəyik. Kris Kuaku, Pedro Bikalyoya da baxacağıq. Görək də, hansı idman formasında olacaqlar. Rəqibi də tam təhlil etdikdən sonra ona uyğun addım atacağıq".
Sport1.az