“Kəpəz” yeni mövsümə “Sumqayıt”a darmadağın olaraq başladı. Gəncə təmsilçisində hazırda xaos hökm sürür. Klub 4 ay ərzində 2 dəfə rəhbər dəyişib. Baş verənlərin səbəbi nədir? “Kəpəz”də nə zaman durğunluq olacaq?
Suallarımızı Vidadi Rzayevə ünvanladıq. Mütəxəssis mövzu ilə bağlı
Sport1.az-a açıqlamasında bunları söylədi:
“Kəpəz”də olan dəyişiklikləri əvvəlcədən görürdüm. Bunun gec-tez reallaşacağını da vurğulamışdım. “Turan Tovuz”da baş verənlər hazırda “sarı-göylər”də təkrarlanır. Ehtiram Quliyev Tovuz klubunun sükanı arxasına keçəndən sonra bəzi vəzifədə olanları yola saldığı kimi yeni “Kəpəz” rəhbərliyi eyni ssenarini həyata keçirir. Kluba öz kadrlarını gətirirlər. Yeni rəhbərlik görünməyən qüvvə kimidir. Onlar haqqında dəqiq məlumat yoxdur. Amma bir tərəfdən kimlərisə klubdan göndərirlər. Hesab edirəm ki, “Kəpəz”də kreslo sahibləri arasından yenə gedənlər olacaq. “Kəpəz” Azərbaycanın köklü klublarından biridir. Arzumuz həmişə odur ki, Gəncəmizin təmsilçisinin adı yuxarı yerlərdən gəlsin. Amma bu günkü reallıq odur ki, çempionatda qalmaq üçün mübarizə aparan 4 klub varsa, onlardan biri də “Kəpəz”dir. İstənilən halda, doğma komandamıza yeni mövsümdə uğurlar arzu edirəm”. MİRZƏ S.
Sport1.az