Süleyman Alluşun “Səbail”dən Mərakeşin “MAS Fes” klubuna keçidi ilə bağlı yeni təfərrüatlar məlum olub.
Sport1.az-ın əldə etdiyi məlumata görə, 23 yaşlı hücumçunun “dənizçilər"lə daha bir illik müqaviləsi olsa da, o, paytaxt təmsilçisindən getmək qərarına gəlib. Alluş Mərakeşdən aldığı təklifə “hə” demək üçün şəxsi hesabından 20 min avro ödəyərək sazişi vaxtından əvvəl qarşılıqlı razılaşma əsasında ləğv etdirib.
Paytaxt təmsilçisinin rəhbərliyi ilə aparılan danışıqlardan sonra futbolçunun istəyi nəzərə alınıb və tərəflər yollarını ayırıblar. Beləliklə, niderlandlı hücumçu “Səbail”dən azad agent statusunda vidalaşıb və daha sonra “MAS Fes”lə 3 illik müqavilə imzalayıb.
Alluş 2024/25 mövsümündə Bakı təmsilçisinin heyətində 47 oyuna çıxaraq 6 qola imza atıb. Məlumata görə, futbolçunun yeni klubdan daha sərfəli maliyyə şərtləri və karyerasında irəliləyiş üçün perspektiv vədi alıb.
Sport1.az