Bosniya və Herseqovina millisinin qapıçısı Kenan Piriç “Neftçi” ilə rəsmi müqavilə imzalamağa çox yaxındır.
Sport1.az-ın əldə etdiyi məlumata görə, 30 yaşlı qolkiper Bakı təmsilçisi ilə bütün şərtlərdə razılığa gəlib və yaxın günlərdə transferin rəsmən açıqlanması gözlənilir.
Xatırladaq ki, Piriçin adı daha əvvəl də “Neftçi” ilə hallanmış, lakin tərəflər arasında razılaşma baş tutmamışdı. Lakin son günlərdə danışıqlar yenidən aktivləşib və bu dəfə müsbət nəticələnib. Məlumata görə, təcrübəli qapıçı transferin gerçəkləşməsi üçün maliyyə baxımından da güzəştə gedərək, əvvəlkindən daha aşağı məvacibə razı olub.
Kenan Piriç ötən mövsümü Türkiyə Superliqasında “Antalyaspor”un heyətində keçirib və 30 oyunda meydana çıxıb. Maaşların gecikməsi səbəbindən klubla müqaviləni birtərəfli ləğv edən qolkiper azad agent statusunda “Neftçi”yə keçəcək.
Piriç karyerası ərzində Belçikanın “Gent”, Sloveniyanın “Maribor”, Yunanıstanın “Atromitos”, Kiprin AEK, Türkiyənin “Göztəpə” və “Antalyaspor” klublarında çıxış edib.
NİHAT KƏRİMLİ
Sport1.az