Rüfət Abdullazadə karyerasını Xorvatiyada davam etdirəcək. Sport1.az xəbər verir ki, 7 gün əvvəl “Səbail” ilə qarşılıqlı razılaşma əsasında müqaviləsinə xitam verən 22 yaşlı yarımmüdafiəçi, nəhayət, yeni klubu ilə razılığa gəlib.
Təxminən 1.5 aya yaxındır davam edən transfer prosesində mətbuatda vingerin Türkiyənin PTT 1-ci Liqa klublarından təklif aldığı bildirilirdi. Lakin əldə etdiyimiz məlumata görə, əsas və konkret təkliflər daim Avropadan gəlib. Yunanıstan, Rumıniya və Xorvatiya klubları arasında aparılan danışıqlarda futbolçuya ən uyğun variant kimi Xorvatiya seçilib.
Danışıqlar “Asadov Pro Bridge” agentliyindən Emil Əsədovun rəhbərliyi ilə aparılıb və yekunda Rüfətlə məsləhətləşmələrdən sonra Xorvatiya klubu ilə 3 illik müqavilə imzalanıb. Bu seçimə səbəb kimi təkcə klubun UEFA Konfrans Liqasında mübarizə aparması deyil, həm də Rüfətə böyük ümidlər bəslənməsi və onu layihənin əsas hissəsi kimi görmələri göstərilir. Klubun planı futbolçunu inkişaf etdirərək gələcəkdə daha yüksək səviyyəli komandalara transfer etməkdir.
Rüfət iki gün əvvəl Xorvatiyaya gedib, tibbi baxışdan uğurla keçdikdən sonra müqavilə imzalanıb. İmzalanma mərasimində klubun baş məşqçisi, idman direktoru və rəhbər şəxslər iştirak edib.
21 iyul tarixində yeni klubunda ilk məşqinə çıxan azərbaycanlı futbolçu, ümumi məşqdən sonra fərdi hazırlıq proqramına cəlb olunub.
Sport1.az