Yusif İmanov birtərəfli olaraq "Sabah"la olan müqaviləsini ləğv etdi.Millimizin qapıçısı məsələni belə şərh etdi: "Mənə qarşı hörmətsizlik etdilər".
Görəsən, gənc qolkiperin gələcək karyerası necə olacaq? “Əlcək sahib”i Premyer Liqada çıxış etməli, yoxsa ölkə xaricinə yollanmalıdır?
Bu sualları veteran qapıçı Nadir Şükürova ünvanladıq. Mütəxəssis mövzu ilə bağlı
Sport1.az-a açıqlamasında bunları söylədi:
“Yusif İmanov “Sabah”ın üzə çıxardığı qapıçıdır. Onun həm fiziki göstəriciləri, həm də çərçivədə işi qənaətbəxş olub. Təbii ki, bəzi oyunlarda səhvləri ilə də diqqət çəkib. Səhvsiz futbolçu yoxdur və idmanın bu növündədə nöqsanlara yol verə-verə inkişaf edirsən. Masazır təmsilçisinin yaxşı yerlərə gəlib çıxmasında Yusifin az rolu olmayıb. Onun adının klubunun iştirak ərizəsində görmədikdə çox təəccübləndim. Qapıçının gələcək karyerasına gəlincə, həm ölkə xaricində, həm çempionatımızda çıxış edə bilər. Bu gün Premyer Liqa klublarının 90 faizinin Yusif İmanov kimi qolkiperə ehtiyacı var. Legioner həyatı yaşaması daha yaxşı olardı. Amma burada bir şərt var. O, müntəzəm şans qazanacağı və inkişaf edəcəyi xaricə kluba getməlidir. Ehtiyatda oturmaq üçün legioner həyatı yaşamağın mənası yoxdur. İstənilən halda Yusif qərar verməyə tələsməməlidir. Onun gələcəkdə daha yaxşı qapıçı olacağına inamım böyükdür”.
MİRZƏ S.
Sport1.az