"Artıq püşk atılıb. Qrupumuzun ən reytinqli komandasıyıq".
Sport1.az xəbər verir ki, bunu UEFA Çempionlar Liqasında iştirak edəcək "Araz-Naxçıvan"ın kapitanı Emin Kürdov püşkü dəyərləndirərkən deyib.
O bildirib ki, kağız üzərində favorit Naxçıvan komandasıdır:
"İndi hədəf UEFA Çempionlar Liqasında yaxşı nəticələr qazanmaqdır. Kağız üzərində favorit “Araz-Naxçıvan”dır. İndi biz bunu meydanda da sübut etməliyik. İyulun sonlarında hazırlığa başlayacağıq. Yaxşı toplanış keçib məqsədə doğru yola çıxacağıq".
41 yaşlı qolkiper çətin mövsüm keçirdiklərini vurğulayıb:
"Maraqlı görüşlər oldu. Çempion olmaq tapşırığını yerinə yetirdik və buna görə şadam. Əlbəttə, asan olmadı, yenildiyimiz, heç-heçə etdiyimiz matçlar oldu".
Kürdov karyera baxımından da qarşıdakı 3 matçın çox vacib olduğunu qeyd edib:
“Çünki çempionluğa gedən yolda komandama bacardığım qədər kömək edə bildim. Bunu məşqçilərimiz də hər dəfə qeyd edirdi. İndi beynəlxalq arenada bunun davamını gətirməliyik. Kapitan olaraq məsuliyyətimizi, bizdən gözləntiləri anlayırıq".
Kapitan “Araz-Naxçıvan”la başa çatan müqaviləni yenilədiyini də açıqlayıb. O, Daha bir il ölkə çempionunun heyətində yer alacağını bildirib: "Bu imkanı yaratdığına görə klub rəhbərliyənə təşəkkür edirəm, etimadı doğrultmağa çalışacam”.
Azərbaycan çempionun futzalçısı tanış rəqiblərin də olmasını müsbət məqam adlandırıb:
“Sparta Belfast”la ötən mövsümdə də qarşılaşmışdıq və 7:1 hesabı ilə qələbə qazanmışdıq. Şotlandiya və Avstriya çempionları bizim üçün müəmmalıdır. Oyunlara qədər məşqçilər korpusu lazım olan məlumatı toplayacaq və necə oynamalı olduğumuzu bildirəcəklər. İstənilən halda, məqsəd dəyişmir: əsas mərhələyə vəsiqə qazanmaq. Buna nail olmaq, “Araz-Naxçıvan”ın əvvəlki əzəmətini qaytarmaq üçün əlimizdən gələni edəcəyik. Heyətimiz də gücləndirilir. Yeni transferlərimiz hazırlığın ilk günündən komandaya qoşulacaqlar”.
Qeyd edək ki, “Araz-Naxçıvan” UEFA Çempionlar Liqasının ilkin mərhələsində F qrupunda yer alacaq və Şimali İrlandiyanın “Sparta Belfast”, Şotlandiyanın “PYF Saltires” və Avstriyanın “Ljuti Krajişniçi” komandaları ilə qarşılaşacaq. Bu qrupun oyunları avqustun 26-dan 31-dək Avstriyada keçiriləcək. Yalnız qrup qalibi əsas mərhələyə yüksələcək.
Sport1.az