"Hər günah yalan üzərində qurulur".
2 gündür ki, Lev Tolstoyun bu kəlamı haqda düşünürəm. Görəsən, nə demək istəyir? Axır ki, tapdım. Dahi yazıçı günahkarların yalan danışmaq məcburiyyətində olduğunu dilə gətirib.
Bunu dərk etməyimə səbəb olan AFFA-nın baş katibi Cahangir Fərəcullayevə təşəkkür edirəm. Nə əlaqə?
Azərbaycan millisi Dünya Çempionatının seçmə mərhələsində səfərdə İslandiyaya 0:5 hesabı ilə darmadağın olur. Qarşılaşmadan sonra qurum rəsmisi jurnalistlərə belə açıqlama verir:
"Santuşun karyerasına yaraşır bu nəticələr, qorxaq futbol? Azərbaycan xalqına niyə hörmətsizlik edir?" (Videoya dəfələrlə baxdıqda nə demək istədiyi anlaşılmır - S.İ).
Daha sonra həmkarlarımızdan biri "İstefa verməsə, göndərəcəksiniz?", - deyə sual verir. Cahangir bəyin cavabı belə olur:
"İstefa verməsə, lazımi tədbirlər görüləcək".
Daha sonra portuqaliyalı mətbuat konfransında müqaviləsi olduğunu bildirdi. Yəni, heç hara getməyəcəyini qeyd etdi. Bu hadisədən 48 saat keçib. Hələ də Fernandu Santuş Azərbaycan millisinin baş məşqçisidir. Nə oldu, Cahangir Fərəcullayev? Niyə Azərbaycan xalqına hörmətsizlik edən şəxslə bağlı lazımi tədbir görə bilmirsiniz? İslandiyada asıb-kəsirdiniz. Gücünüz çatmadı?
Çünki günahkarsınız. Yalandan açıqmala vermək məcburiyyətində qaldınız. Düşündünüz ki, Santuşun üstünə hücum edəcəksiniz, o da qaçıb gedəcək. Amma alınmadı. Arxanızda heç kim durmadı?
Rəhbər olaraq Azərbaycan xalqına hörmətsizlik edən birini işdən qova bilmirsinizsə, bir vərəq, bir qələm tapın. Bir də özünüzdə istefa ərizəsi yazmağa cəsarət...
İLKİN SULTANLI
Sport1.az