Bu mövsüm II Liqada 3 yeni komanda iştirak edəcək.Onlardan biri də “Ağstafa Gəncləri”dir. Qərb təmsilçisi çempionata nə dərəcədə hazırdır? Komanda ev oyunlarını harada keçirəcək? Ağstafalıların sponsor dəstəyi var?
Suallarımızı klubun prezidenti Şahin Kərimova ünvanladıq. “Ağstafa Gəncləri”nin rəhbəri mövzu ilə bağlı
Sport1.az-a bunları söylədi:
“Digər klublarla müqayisədə II Liqada iştirak edəcəyimizi gec bildik. Çempionatdan uzaqlaşdırılan “Qusar”ın əvəzinə yarımpeşəkar liqada çıxışımıza icazə verildiyini avqustun 5-də xəbər tutduq. Dərhal da toplanışa başladıq. Hazırlığımız yerli futbolçuların üzərində qurulub. Bununla yanaşı, 2 təcrübəli futbolçunu baxışa çağırmışıq. Onlarla danışıqlarımız davam etdir. Razılığa gəlsək, sıralarımızda qalacaqlar. AFFA-nın ayırdığı bəlli yardımdan başqa əlavə gəlir yerimiz yoxdur. Sponsor axtarsaq da, hansısa nəticəsi olmadı. Maliyyə sıxıntısına görə də, əsasən rayonumuzdan olan oyunçulara üstünlük verməli olacağıq. Qarşımıza çempionatda yerimizi qorumaq hədəfi qoyulub.
Ev oyunlarımızı da doğma Ağstafa şəhər stadionunda keçirəcəyik. Təbii ki, futbol məkanımızda çatışmazlıqlar var. Onları aradan qaldırmağa çalışacağıq. Sentyabrın 6-na kimi vaxtımız var. Əlavə olaraq rayonumuzun “Uşaq gənclər şahmat məktəb”inin stadionu da var. Oranın qazonu qənaətbəxş olsa da, oturacaqları yoxdur.
Klubun prezidenti olsam da, Region Liqasında baş məşqçi postunda da özüm idim. Amma II Liqada çalışdırıcı ola bilmərəm. Çünki kateqoriyam yoxdur. Buna baxmayaraq, rayonumuzda olan bütün futbol məşqçiləri, veteran futbolçular hamısı bizimlədir. Onlar əllərindən gələn hər şeyi komanda üçün edirlər. Rayonumuzda da yeganə kateqoriya oxumuş şəxs Rəşad Axundovdur. Yəqin ki, komandanı ona həvalə edəcəyik. Lakin hələlik razılığa gəlməmişik. Vaxtımız və resurslarımız qıtdır. Çalışırıq ki, mövsümə maksimum yaxşı hazırlaşaq”. MİRZƏ S.
Sport1.az